İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ölkədə qatı mühafizəkar kəsimin təmsilçilərindən olsa da 39 günlük müharibədə ABŞ onu öldürmədi. Halbuki Əli Laricani və digər radikal mövqeli əsas fiqurları aradan götürdükləri kimi onu da sıradan çıxara bilərdilər.
Qalibafın “qələmi qırılmadı”, onun üstündən xətt çəkilmədi. Əksinə, onun ölkənin de-fakto bir nömrəli fiquruna çevrilməsinə şərait yaradıldı. ABŞ onunla danışıqlar aparır.
Qalibafı fərqli münasibətin kökündə hansı amillər dayanır? ABŞ nə üçün onu öldürmədi? Qalibafın Amerika ilə məxfi bağlılığının olması mümkündürmü?
Bəzi siyasi analitiklər hesab edir ki, ABŞ-nin İran siyasəti daha çox konkret təhlükə və əməliyyat kontekstinə bağlı olur. Məsələn, Qasım Süleymaninin 2020-ci ildə öldürülməsi onun regionda birbaşa hərbi əməliyyatlara rəhbərlik etməsi və ABŞ qüvvələri üçün operativ təhlükə sayılması ilə izah olunurdu.
2025-ci ilin iyununda 12 günlük müharibədə və bu il 39 günlük müharibədə ABŞ-nin öldürdüyü yüksək ranqlı iranlıların siyahısına diqqət etdikdə görürük ki, əsasən generallar, hərbi-təhlükəsizlik qanadında söz sahibi olan fiqurlar aradan götürülüblər. Əli Laricani təkcə radikallığına görə deyil, daşıdığı vəzifəyə, həmin vəzifədən istifadə edib prosesləri idarə etdiyinə görə öldürüldü. Qalibaf isə daha çox siyasi fiqurdur, parlament sədridir. Yəni hərbi əməliyyatların birbaşa komandanı deyil. Bu fərq çox önəmlidir.

Politoloq Elxan Şahinoğlu Musavat.com-a şərhində bildirib ki, ABŞ və İsrailin İrana qarşı müharibənin başlamasının əsas məqsədlərindən biri bu ölkənin mühafizəkar liderlərini, o cümlədən yüksək rütbəli generallarını öldürmək olub: “Bombardmanlar nəticəsində ali dini lider, Ali Təhlükəsizlik Şurasının sədri və xeyli yüksək rütbəli general öldürüldü. İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçının hədəf götürülməməsi aydın idi. Hər ikisi mühafizəkarlardan fərqli olaraq anti-Qərbçi deyil və Vaşinqtonla danışıqlara üstünlük verirdilər.
Prezident və xarici işlər nazirindən fərqli olaraq Parlamentin sədri Qalibaf mühafizəkarlığı, anti-ABŞ mövqeyi ilə tanınır. Qalibafın keçmişdə SEPAH komandiri və Tehranın polis rəisi olması da onun mühafizəkarların sırasında yer almasının təsdiqidir. Buna baxmayaraq, ona toxunulmadı. Bunun bir neçə səbəbi ola bilər. Birincisi, mümkündür ki, ABŞ diplomatlarının keçmişdə Qalibaf və ya ona yaxın fiqurlarla təmasları olub və ondan təhlükə gözləmirlər. İkincisi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Qalibaf və onun qohumları haqqında ifşaedici məlumatlara malik ola və bu məlumat əsasında İran parlamentinin sədri şantaj edilə bilər. Bütün hallarda ABŞ Prezidenti Donald Trampın bir neçə dəfə Qalifafı tərifləməsi də bu şübhələri artırıb”.
E.Şahinoğlu hesab edir ki, Qalibafın mövqeyində dəyişən heç nə yoxdur: “Parlamentin sədri əvvəlkitək ABŞ-yə qarşı sərt mövqedədir. Qalibaf həm də Hörmüz boğazının bağlanmasının müəlliflərindəndir. Bu o deməkdir ki, Tramp və onun ətrafının Qalibafa olan ümidləri özünü doğrultmayıb. Mümkündür ki, ABŞ müharibə dövründə Qalibafı hədəf almamaqla və “onunla danışıqlar mümkündür” kimi açıqlamalar verməklə, İran hakimiyyəti içərisində fikir ixtilafı yaratmaq istəyib. Yəni, mühafizəkarlar Qalibafdan şübhələnməliydilər. Ancaq bu proqnozlar da doğrulmadı. Qalibaf ABŞ ilə danışıqlarda güzəştin əleyhinədir. Növbəti dəfə müharibə olarsa, ABŞ və İsrailin yeni hədəfi Qalibaf olacaq”.

