Regionda yeni dövr başlayır?- Antalya zirvəsindən diqqətçəkən mesajlarbackend

Regionda yeni dövr başlayır?- Antalya zirvəsindən diqqətçəkən mesajlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antalyada üç gün davam edən Diplomatiya Forumunun yekununda Türkiyə, Azərbaycan və Pakistan liderlərinin eyni platformada bir araya gəlməsi regional və qlobal siyasət baxımından diqqətçəkən hadisə oldu. Mövcud mürəkkəb geosiyasi şəraitdə bu formatda keçirilən görüş təkcə tərəfdaşlığın nümayişi deyil, həm də sabitlik, təhlükəsizlik və qarşılıqlı strateji koordinasiya mesajı kimi qiymətləndirilir. Antalya görüşü göstərdi ki, Ankara-Bakı-İslamabad xətti yeni beynəlxalq düzəndə daha təsirli aktora çevrilmək potensialına malikdir.

 

Politoloq Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan liderləri Antalya Forumunda növbəti dəfə üçtərəfli görüş keçirdilər və bu görüş ciddi siyasi mesaj xarakteri daşıyır:

 

“Çünki üç ölkə artıq strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksəlməkdədir və bu, yeni geosiyasi şəraitdə mühüm əhəmiyyət daşıyır. Dünyada yeni geosiyasi nizam formalaşır və bu prosesdə Türkiyə-Azərbaycan-Pakistan əməkdaşlıq modeli bir çox dövlətlər üçün nümunə ola bilər. Tərəflər təhlükəsizlik, siyasi, iqtisadi və digər istiqamətlər üzrə yüksək səviyyədə əməkdaşlıq həyata keçirirlər.

 

Diqqət etsək görərik ki, hazırkı beynəlxalq münasibətlər sistemində bu səviyyədə qarşılıqlı etimada əsaslanan dövlətlərarası birliklər çox azdır. Çünki bu gün bir çox ölkələr arasında etimad zəifləyib, beynəlxalq hüquq sistemi də əvvəlki təsir gücünü itirib. Belə bir dövrdə üç dövlətin yaxınlaşması onu göstərir ki, onların qarşılıqlı və milli maraqları üst-üstə düşür, tərəflər yeni siyasi reallıqlara uyğun şəkildə fəaliyyətlərini formalaşdırırlar”.

 

Politoloqun sözlərinə görə, həm Pakistan lideri, həm Azərbaycan Prezidenti, həm də Türkiyə Prezidenti güclü siyasi iradə nümayiş etdirirlər:

 

“Məhz Antalya Diplomatiya Forumunda bir daha dünyaya nümayiş etdirildi ki, bu üç ölkənin əməkdaşlığı regionda sülhə və təhlükəsizliyə xidmət edir. Hesab edirəm ki, digər dövlətlər də oxşar əməkdaşlıq formatları yaratsalar və əsas prioritet kimi sülhü, təhlükəsizliyi seçsələr, beynəlxalq problemlərin danışıqlar yolu ilə həlli daha mümkün olar.

Hazırda Yaxın Şərqdə, eləcə də Avropanın şərqində müharibələr davam edir, müxtəlif böhranlar yaşanır. Belə bir şəraitdə diplomatiyaya daha çox önəm verilməsi vacibdir. Antalya Diplomatiya Forumu da göstərdi ki, problemlərin həlli silahla deyil, siyasi dialoq və diplomatik vasitələrlə mümkündür. Verilən mesajlar bir daha sübut etdi ki, Azərbaycan, Türkiyə və Pakistan dünyada diplomatiyanın, sülhün və siyasi-iqtisadi inteqrasiyanın tərəfdarıdır və məhz bu yolla sabitliyə nail olmaq mümkündür”.

 

//Gülnarə Abasova, Editor.az