Ukrayna Prezidenti Volodimir Zelenski televiziya marafonundakı çıxışında ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff və iş adamı Cared Kuşnerin Ukraynaya qarşı hörmətsizlik nümayiş etdirdiyini bildirib.
Oxu.Az xəbər verir ki, prezidentin sözlərinə görə, təkcə Moskvaya səfər edib Kiyevdən yan keçmək böyük sayğısızlıq əlamətidir.
O vurğulayıb ki, müharibə şəraitində Ukraynaya gəlmək çətinlik yaratsa da, digər xarici siyasətçilər Kiyevə səfər etməkdən çəkinmirlər.
“Bu addım bizdən çox, onların özlərinə lazımdır”, – deyə dövlət başçısı diqqətə çatdırıb.
Zelenski, həmçinin qeyd edib ki, danışıqların məkanından çox, oradan əldə olunacaq yekun nəticələr daha böyük əhəmiyyət kəsb edir.
Xatırladaq ki, Zelenski bundan öncə Stiven Uitkoffla Cared Kuşnerin müharibədə Rusiyanın qalib gələcəyinə inandıqlarını və bu yanaşmanın Ukrayna üçün ciddi problem yaratdığını söyləmişdi. O, həmçinin əlavə edib ki, hər iki ABŞ-li nümayəndə mütəmadi olaraq İran məsələləri ilə məşğul olduğundan Ukrayna böhranına yetərincə vaxt ayıra bilmir.
Ukrayna lideri onu da bildirib ki, Birləşmiş Ştatların rəsmiləri Kiyevə nə qədər tez gələrlərsə, onların əsl niyyətləri və planları da bir o qədər tez aydınlaşacaq.

