“Prezident İlham Əliyevin ötən həftə Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərinin inkişafında mühüm siyasi hadisə oldu”.
Bu fikri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Millət vəkili bildirib ki, səfərin ən əlamətdar məqamlarından biri iki ölkə arasında Əbədi Dostluq haqqında sənədin imzalanması oldu:
“Bu sənəd, ilk növbədə, Azərbaycan və Özbəkistanın gələcək münasibətlərə baxışının ifadəsidir. Burada söhbət iki qardaş xalq arasında formalaşmış etimadın, qarşılıqlı hörmətin və sarsılmaz həmrəyliyin dövlət səviyyəsində təsdiqindən gedir.
Əslində, Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi uzun illər ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Son dövrlərdə siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin artması, iqtisadi və humanitar əlaqələrin genişlənməsi, nəqliyyat və enerji sahələrində əməkdaşlığın dərinləşməsi iki ölkənin bir-birini etibarlı tərəfdaş kimi gördüyünü təsdiqləyir.
Bu münasibətlərin mühüm xüsusiyyətlərindən biri də daha geniş istiqamətlər üzrə inkişafıdır. Bakı və Daşkənd Türk Dövlətləri Təşkilatı çərçivəsində də fəal əməkdaşlıq edir. İki ölkənin Türk dünyasının birlik və həmrəyliyinin gücləndirilməsi istiqamətində nümayiş etdirdiyi siyasi iradə regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verir. Digər tərəfdən, Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi nəqliyyat və logistika sahəsində əməkdaşlığın əhəmiyyətini artırır. Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin imkanlarının genişləndirilməsi, Xəzər üzərindən daşımaların artırılması və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi hər iki ölkənin maraqlarına cavab verir. Bu baxımdan siyasi yaxınlaşmanın iqtisadi əməkdaşlıqla paralel şəkildə inkişaf etməsi zərurətdir”.
Millət vəkilinin sözlərinə görə, humanitar sahədə münasibətlər iki ölkə arasında dostluğun mənəvi əsaslarını daha da möhkəmləndirir:
“Əbədi dostluq haqqında sənədin imzalanması bu mənada gələcəyə hesablanmış mühüm siyasi mesajdır. Çünki dostluq həm də gələcək nəsillər üçün də möhkəm siyasi və mənəvi zəmin formalaşdırır. Azərbaycan və Özbəkistanın münasibətlərində artıq qarşılıqlı etimad, strateji maraqların uzlaşması və uzunmüddətli əməkdaşlıq perspektivi xüsusi yer tutur.
Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır”.
//Gülnarə Abasova, Editor.az

