“Rusiya çökmür, Ukrayna təslim olmur” – Müharibənin canlı şahidindən SENSASİON açıqlamalarbackend

“Rusiya çökmür, Ukrayna təslim olmur” – Müharibənin canlı şahidindən SENSASİON açıqlamalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər həm Rusiya, həm də Ukrayna qarşı tərəfin ərazisinə və strateji obyektlərinə zərbələri daha da intensivləşdirib. Cəbhə xəttində döyüşlər davam edərkən, uzaqmənzilli raket və dron hücumları müharibənin coğrafiyasını daha da genişləndirir. Xüsusilə Kiyev və ətraf vilayətlər son günlər Rusiyanın intensiv hava hücumlarının hədəfinə çevrilib. Rus PUA-larının hücumları artıq beşinci gündür davam edir.

“Reuters”in məlumatına görə, avqustun 31-də Kiyev vilayətinə edilən yeni hücum nəticəsində azı 4 nəfər yaralanıb, anbarlar, yaşayış binası və ticarət obyektlərinə ziyan dəyib.

Ukrayna tərəfinin məlumatına görə, avqustun 31-nə keçən gecə Rusiya Ukraynaya 121 PUA və bir “Kh-59” idarəolunan raket göndərib. Ukrayna Hərbi Hava Qüvvələri 96 PUA-nın zərərsizləşdirildiyini, raketin isə hədəfə çatmadığını açıqlayıb. Bununla belə, bir sıra yaşayış məntəqələrində PUA-ların düşməsi və dağıntılar qeydə alınıb.

rOl2xjWPs1Z1pZINNAOo3tTBTz6QIPIppGKqalMo_1200.jpg (62 KB)

Bu, Rusiyanın son günlər həyata keçirdiyi genişmiqyaslı hava kampaniyasının davamıdır. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, cəmi dörd gün ərzində ölkəyə təxminən 1500 PUA buraxılıb və onların yarıdan çoxu reaktiv mühərrikli olub. Kiyev və ətraf ərazilərdə hava həyəcanı siqnallarının demək olar ki, fasiləsiz səslənməsi şəhərin gündəlik həyatını ciddi şəkildə pozub.

Son günlərin ən ağır hadisələrindən biri Kiyev yaxınlığındakı Mıla kəndində baş verib. Rusiya hücumu nəticəsində sursat anbarında güclü partlayışlar baş verib və yaşayış ərazisinə ciddi ziyan dəyib. Ölənlərin sayının 38-ə çatdığı bildirilir. Bu, 2026-cı ildə Ukraynaya qarşı ən çox insan itkisinə səbəb olan hücum kimi təqdim edilir. Partlayışlar nəticəsində evlər dağılıb, ərazidə yanğınlar baş verib. Hadisədən sonra Ukrayna hakimiyyəti hərbi sursatın yaşayış məntəqəsinin yaxınlığında saxlanılması ilə bağlı da araşdırmaya başlayıb.

Rusiyanın son hava hücumlarının yalnız hərbi obyektlərlə məhdudlaşmadığı da bildirilir. Odessa vilayətində “Nova Poshta” şirkətinin terminalına zərbə nəticəsində bina qismən dağılıb və yanğın baş verib. Krivoy Roqda isə reaktiv PUA hücumu nəticəsində sənaye müəssisəsində iki nəfərin yaralandığı açıqlanıb.

NZCfyqFVgVBOrkxTNdbi9Prlng7h1RPupWu1xHwQ_1200.jpg (64 KB)

Digər tərəfdən, Kiyev də Rusiya ərazisindəki obyektlərə uzaqmənzilli PUA və digər silahlarla hücumları gücləndirib. Son məlumatlara görə, Ukraynanın hücumlarından biri Rusiyanın Belqorod şəhərinə yönəlib. Rusiya rəsmilərinin bildirdiyinə görə, avqustun 30-da şəhərə edilən raket hücumu nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb. Hücumun kommersiya obyektinə dəydiyi, nəticədə yeddi anbarda yanğın baş verdiyi açıqlanıb.

Ukrayna bununla yanaşı, Rusiyanın hərbi-logistika və enerji infrastrukturunu da hədəfə almağa çalışır. Son günlər Rusiyanın müxtəlif regionlarında neft obyektləri, logistika mərkəzləri və digər strateji infrastrukturla bağlı hücumlar barədə məlumatlar yayılıb. Müharibənin bu mərhələsində Kiyevin məqsədi yalnız cəbhə xəttində deyil, Rusiyanın arxa cəbhəsində də hərbi və iqtisadi imkanlara təzyiq göstərməkdir.

Göründüyü kimi, qarşılıqlı zərbələr yeni mərhələyə keçir. Moskva Ukraynanın enerji və logistika sistemini zəiflətməyə, Kiyev isə Rusiyanın hərbi-sənaye və yanacaq infrastrukturuna zərbə vurmağa çalışır.

Son hadisələr göstərir ki, tərəflər yalnız müdafiə mövqeyində qalmaq niyyətində deyil. Rusiya Ukrayna ərazisinə böyük PUA dalğaları göndərir, Kiyev isə Rusiyanın dərinliklərindəki obyektləri hədəfə almaq imkanlarını genişləndirir. Bunun fonunda Ukraynanın hava hücumundan müdafiə imkanları xüsusi əhəmiyyət qazanır. Kiyev xüsusilə ballistik raketlərə qarşı müdafiə vasitələrinin çatışmazlığı ilə üzləşdiyini bildirir. Rusiya isə qarşıdakı dövrdə Ukraynanın enerji infrastrukturuna daha böyük zərbələr endirə biləcəyinə dair siqnallar verir. Ukraynada yaşayan insanların gündəlik həyatı isə yenidən hava hücumu siqnalları, partlayış səsləri və sığınacaqlarda keçən gecələrlə müşayiət olunur.

Kiyevdə son günlər metro fəaliyyətinin dəfələrlə dayandırılması, insanların stansiyalarda saatlarla gözləməsi vəziyyətin nə qədər ağır olduğunu göstərir.

ceyhunn.jpeg (56 KB)

Ukraynada yaşayan diaspor fəalı Ceyhun Kəsəmənli son durumu Musavat.com-a çatdırıb:

“Bugünkü mənzərə müharibənin ilk aylarında olan və təsəvvür ediləndən xeyli fərqlidir. Bir çoxlarının gözləntilərinin əksinə Ukrayna ayaqda qaldı. Mübarizəsini və müdafiəsini təmin etdi. Rusiya isə sanksiyaların təzyiqinə tab gətirə bildi. Heç bir tərəf tam həlledici üstünlük əldə edə bilmədi. Ona görə də məncə, indi əsas məsələ kimin daha bir neçə kilometr irəliləməsi, hansı kəndə və ya qəsəbəyə nəzarət etməsi deyil. Görünən odur ki, Rusiya hərbi elitası məhz zamana və sadəcə zamana güvənir. Rusiya cəbhə xəttində təzyiq göstərməyə davam edərək Ukraynanın enerji sektoruna, mülki obyektlərə zərbələr endirir. Bununla da Ukrayna cəmiyyətinin, Avropanın və ABŞ-nin yorulmasına ümid edir. İldırımsürətli qələbə eyforiyasından oyanan və müharibəni zamana yaymağa çalışan Moskva rəqibini üstələyə biləcəyinə inanırsa, sabah mütləq qalib gəlməyə ehtiyac yoxdur”.

Canlı şahid həyəcan təbili də çalıb:

“Rusların hesablamalarını xəfifə almaq olmaz. Rusiyanın əhalisi və resursları Ukrayna ilə müqayisədə daha çoxdur. Neft gəlirləri davam edir, hərbi sənayesi işləyir, Çinlə geniş iqtisadi əlaqələri, Şimali Koreyadan isə hərbi dəstəyi var. Buna görə Rusiyanın yaxın zamanda iqtisadi cəhətdən çökəcəyi barədə proqnozlar mənə inandırıcı görünmür. Amma son aylarda başqa bir proses də aydın görünməyə başlayıb. Ukrayna müharibənin yükünü getdikcə Rusiyanın geniş və zəif mühafizə olan ərazisinə daşıyır. Bu günə qədər rəqibləri üçün əlçatmaz olan geniş əraziləri Rusiya üçün hər zaman müharibələrdə üstünlük ünsürü olmuşdu. Ukrayna dronları vasitəsilə bu alqoritmi öz xeyirlərinə, Rusiyanın isə zərərinə dəyişə bildi. Əvvəlcə neft emalı zavodlarına, neft bazalarına və aerodromlara zərbələr diqqət çəkirdi. İndi isə “Wildberries” və “Ozon” da daxil olmaqla iri logistika mərkəzlərinə hücumları görürük. Neft emalı ilə bərabər hərbi sənayenin qan damarları olan logistika bazalarının və yolların vurulması Rusiya üçün ciddi problemlər yaradır. Bunları bəziləri kimi nə çox şişirtmək, nə də çox kiçiltməmək lazımdır. Bu hücumların iqtisadi məntiqi aydındır. Rusiyanın nəhəng ərazisi artıq arxa cəbhənin tam təhlükəsizliyinə zəmanət vermir. Zavodları, anbarları, aerodromları qorumaq, təchizat marşrutlarını dəyişmək və hava hücumundan müdafiə imkanlarını çox böyük bir əraziyə yaymaq lazım gəlir.

3v1GfPNN1J60O7AkNzptp0SABxEkpMlTBlOOi0cj_1200.jpg (173 KB)

Ukraynanın Rusiya iqtisadiyyatını dağıtması real görünmür. Əsas məsələ başqadır, müharibənin Moskva üçün qiymətini, xərclərini davamlı şəkildə artırmaq. Amma Rusiyanın xeyrinə işləyən amillər də var. Onlardan biri Yaxın Şərqdəki müharibədir. İranla müharibənin yaratdığı gərginlik enerji bazarlarını sarsıdıb. Neftin bahalaşması Rusiya üçün əlavə maliyyə imkanları yaradır. Digər tərəfdən, Yaxın Şərq ABŞ-nin hərbi resurslarının və siyasi diqqətinin bir hissəsini özünə çəkir. Beləliklə, Hörmüz boğazında baş verən hadisələr minlərlə kilometr uzaqda, Ukrayna cəbhəsində də hiss oluna bilir. Ukraynanın isə pulla həll edilməsi çox çətin olan bir problemi var, insan resursu. Avropa və digər müttəfiqlər maliyyə və silah yardımı edə bilər və edirlər. Yeni zavodlar tikmək, daha çox sursat və dron istehsal etmək mümkündür. İnsan itkisini isə eyni şəkildə əvəz etmək olmur. Buna görə dronlar, uzaqmənzilli silahlar, robotlaşdırma və süni intellekt Ukrayna üçün sadəcə texnoloji yenilik deyil. Bunlar həm də Rusiya ilə böyük demoqrafik fərqi mümkün qədər kompensasiya etmək vasitələridir. Amma müharibənin taleyini yalnız silah və insan sayı müəyyən etmir. Ukrayna cəmiyyətinin psixoloji dözümlülüyü də ən azı bunlar qədər vacibdir. Dörd il yarımlıq genişmiqyaslı müharibədən sonra insanların yorulduğunu görməmək mümkün deyil. İtkilər, miqrasiya, dağıntılar, uzun ayrılıqlar, səfərbərlik, hava hücumları və gələcəklə bağlı qeyri-müəyyənlik öz təsirini göstərir. Bununla belə, son sorğular cəmiyyətin siyasi iradəsinin hələ sınmadığını göstərir. Ukraynalıların 61 faizi müharibəyə lazım olduğu qədər dözməyə hazır olduğunu bildirir, 77 faizi isə Rusiyanın ağır itkilər hesabına yavaş irəlilədiyini və Ukraynanın müqaviməti davam etdirə biləcəyini düşünür. Eyni zamanda, cəmiyyətdə daha praqmatik yanaşma da güclənir. İnsanların əhəmiyyətli hissəsi işğal olunmuş ərazilərin Rusiya ərazisi kimi tanınmaması və ciddi təhlükəsizlik təminatlarının verilməsi şərtilə mövcud cəbhə xətti boyunca atəşkəsi müzakirə etməyə hazırdır. Məncə, burada mühüm fərq var. Ukrayna cəmiyyəti müharibədən yorulub, amma bu yorğunluq hələ məğlubiyyəti qəbul etmək istəyinə çevrilməyib”.

Müsahibimiz qarşıdakı qışın yenə ağır sınaq olacağını düşünür:

“Rusiya Ukraynanın enerji sisteminə zərbələrlə cəmiyyəti yormağa çalışacaq. Ukrayna isə, böyük ehtimalla, müharibənin ağırlığını getdikcə daha çox Rusiyanın öz ərazisində hiss etdirməyə çalışacaq. Bu gün bu müharibədə kimin qalib gəldiyini söyləmək tezdir. Rusiya çökməkdən, Ukrayna isə təslim olmaqdan uzaqdır. Amma Putinin hesablaması getdikcə daha aydın görünür, Ukraynanı və Qərbi gözləyərək yormaq. Ukraynanın isə qarşısında duran əsas məsələ də budur, hər keçən il bu gözləntini Rusiya üçün daha baha etmək. Rusiya bu müharibəni zamanla qazanmağa çalışır. Ukrayna isə həmin zamanı Rusiya üçün mümkün qədər baha etməyə çalışır. Bəlkə də müharibənin taleyi məhz burada həll olunur”.

Musavat.com