Ermənistanda keçirilməsi planlaşdırılan kritik seçkilər öncəsi rəsmi İrəvan ilə Moskva arasında onsuz da gərgin olan münasibətlər, Rusiya səfirliyinin qarşısında baş tutan sensasiyalı etiraz aksiyası ilə pik həddə çatıb.
Ermənistan paytaxtında sığınacaq tapan rusiyalı müxalif fəalların təşkilatçılığı ilə Rusiya Federasiyasının İrəvandakı səfirliyinin qarşısında şok bədii perfomans-aksiya keçirilib. Üzlərinə Rusiya Prezidenti Vladimir Putinin maskalarını taxan nümayişçilər, diplomatik missiyanın binası önündə nümayişkaranə şəkildə “çiy ətdən ibarət şam yeməyi” ziyafəti təşkil ediblər. Fəalların bildirdiyinə görə, bu qanlı perfomans Kremlin apardığı siyasətin və törətdiyi hərəkətlərin cinayətkar xarakterini simvolizə edir. Ən maraqlı və qalmaqallı məqam isə odur ki, kənarda bu aksiya keçirilən zaman səfirliyin daxilində Rusiya rəsmi şəxsləri və erməni elitası üçün qapalı, dəbdəbəli ziyafət davam edib.
Təşkilatçılar bu kəskin piketin rəsmi Moskvanın Ermənistanın suveren işlərinə və seçki proseslərinə kobud şəkildə müdaxilə etmək cəhdlərinə qarşı bir reaksiya olduğunu bildiriblər. Belə ki, bu aksiyadan dərhal öncə beynəlxalq mətbuatda Kremlin İrəvanda irimiqyaslı seçki saxtakarlığına hazırlaşdığı barədə qorxulu xəbərlər yayılıb. Nüfuzlu “Reuters” agentliyinin Qərb kəşfiyyatının məxfi məlumatlarına istinadən yaydığı şok hesabata görə, Rusiya hakimiyyəti Ermənistandakı seçkilərin nəticələrini tamamilə dəyişmək və Baş nazir Nikol Paşinyanı devirmək məqsədilə 50 milyon dollar vəsait ayırıb. Planın əsas mahiyyəti Rusiya daxilində yaşayan təxminən 100 min erməni diaspor nümayəndəsini xüsusi çarter reysləri və nəqliyyatla təcili şəkildə Ermənistana daşımaqdır. Moskva bu nəhəng rəqəmsal və logistik əməliyyat sayəsində ölkəyə gətirilən kütlənin seçkilərdə Paşinyanın əleyhinə kütləvi şəkildə səs verməsini təmin etməyi hədəfləyir.
Musavat.com





