Ermənistanda revanşist qüvvələrin əsas simalarından sayılan Robert Köçəryan yenidən Qarabağ mövzusunu qabardaraq hədsiz açıqlamalar verib. Köçəryan yeni müharibənin başlana biləcəyini də deyib.
Robert Köçəryan Masis şəhərinin sakinləri ilə görüşdə bu gün “Qarabağa qayıdış hüququndan” danışmağın real olduğunu iddia edib.
Ermənistan blokundan baş nazir postuna namizəd kimi çıxış edən Köçəryan bildirib ki, guya bu məqsədə nail olmaq mümkündür və indiki beynəlxalq şərait buna imkan verir.
Azərbaycan əleyhinə sərt mövqeyi ilə tanınan keçmiş prezident çıxışında dünyada vəziyyətin qeyri-sabit olduğunu, buna görə də indi hərəkət etməsələr, gələcəkdə belə imkanın əldən çıxa biləcəyini söyləyib. O, Sovet İttifaqının dağılmasını xatırladaraq həmin dövrdə “tarixi pəncərə” açıldığını və ermənilərin bundan istifadə etdiyini deyib.
Köçəryan daha sonra açıq şəkildə bildirib ki, gələcəkdə Cənubi Qafqazda nə baş verəcəyini heç kim bilmir və on ildən sonra yeni şərait yarana bilər. Onun bu fikirləri erməni revanşistlərin regionda yenidən qarşıdurma və geosiyasi böhran gözləntilərinə ümid bağladığını göstərir.
Keçmiş prezident Paşinyan hakimiyyətini həmin “pəncərəni bağlamaqda” ittiham edib və Ermənistanın bunu yenidən açmağa çalışmalı olduğunu vurğulayıb. O, “qayıdış hüququ” məsələsinin beynəlxalq səviyyədə tanınmasına çalışacaqlarını da əlavə edib.
Musavat.com

