Psixi pozuntular əvvəlki illərlə müqayisədə daha uzun müddət davam etməyə başlayıb. Yeni araşdırmaya görə, son 12 il ərzində uzunmüddətli psixi pozuntuların payı 42,7 faizdən 57,9 faizə yüksəlib.
Editor.az xəbər verib ki, araşdırma Amsterdam Tibb Mərkəzi və Trimbos İnstitutunun alimləri tərəfindən aparılıb və nəticələr “Psychological Medicine” jurnalında dərc olunub.
Alimlər Niderlandda 18-64 yaş aralığında olan iki böyük qrupun məlumatlarını müqayisə ediblər. Birinci qrup 2007-2009-cu illərdə, ikinci qrup isə 2019-2022-ci illərdə araşdırmaya cəlb olunub. Hər iki qrup təxminən üç il müddətində müşahidə edilib. Bu yanaşma psixi pozuntuların zamanla davamlılığında baş verən dəyişiklikləri müqayisə etməyə imkan verib.
Nəticələr göstərib ki, ümumilikdə uzunmüddətli xarakter alan psixi pozuntuların payı 42,7 faizdən 57,9 faizə yüksəlib. Ayrı-ayrı pozuntu qruplarında da oxşar artım qeydə alınıb. Belə ki, təşviş pozuntularının uzunmüddətli davam etmə göstəricisi 24,4 faizdən 40,1 faizə, əhval pozuntularında 33,5 faizdən 48,8 faizə, psixoaktiv maddələrdən istifadə ilə əlaqəli pozuntularda isə 33,7 faizdən 45,5 faizə yüksəlib.
Tədqiqatın müəllifləri bu artımın dəqiq səbəblərinin hələ müəyyən edilmədiyini bildiriblər. Onların fikrincə, fərdi risk faktorları müşahidə olunan tendensiyanı tam izah etmir və dəyişikliklərin daha geniş sosial amillərlə əlaqəli olması mümkündür.
Alimlər mümkün səbəblər arasında psixi sağlamlıq xidmətləri sisteminə düşən yükün artmasını, sosial və iqtisadi təzyiqləri, eləcə də rəqəmsal mühitin təsirini nəzərdən keçirirlər. Bununla belə, araşdırma bu amillərdən hər hansı birinin əsas səbəb olduğunu təsdiqləmir.
Mütəxəssislər qeyd edirlər ki, psixi pozuntular dünyada əmək qabiliyyətinin itirilməsinin əsas səbəblərindən biri olaraq qalır. Bu pozuntuların daha uzun müddət davam etməsi həm tibbi yardım sistemlərinə düşən yükü, həm də onların sosial və iqtisadi nəticələrini artıra bilər.
Tədqiqat müəllifləri psixi pozuntuların daha uzun müddət davam etməsinin səbəblərini yalnız fərdi xüsusiyyətlərdə deyil, insanların yaşadığı sosial mühitdə baş verən dəyişikliklərdə də araşdırmağın vacibliyini vurğulayıblar.
//Gülnarə Abasova, Editor.az

