Kremlin SENSASİON çevriliş planıbackend

Kremlin SENSASİON çevriliş planı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Sito Sokrata” nəşri: “Məqsəd İrəvanın Qərbə üz tutmasının qarşısını almaq və ölkəni  gücsüz  forposta çevirmək…”

Moskva Ermənistanda keçiriləcək parlament seçkilərinə müdaxilə etmək üçün hərtərəfli “təxribat planı”na başlayıb.

“Bakı-Xəbər”in məlumatına görə, bu xüsusda “Sito Sokrata” nəşri yazır: “Məqsəd aydındır: mövcud Avropayönlü rəhbərliyi devirmək, İrəvanın Qərbə üz tutmasının qarşısını almaq və ölkəni öz inkişaf yolunu seçmək imkanından məhrum olan gücsüz bir forposta çevirməklə ona KTMT vasitəsilə birbaşa təzyiq göstərmək. Qarabağ məsələsindən təsir gücü kimi istifadə etmək cəhdləri uğursuz olduqdan sonra Kreml taktikasını dəyişdi”.

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir

Moskvanın seçkilərə müdaxilə etmək ehtimalı dörd sütuna əsaslanır. Birincisi, media terroru və dezinformasiya. Sosial medianın Ermənistan seqmenti FSB-yə yaxın strukturlar tərəfindən idarə olunan bot alqoritmləri ilə doludur. Onların məqsədi panika yaratmaq, “ərazi təslimiyyəti” barədə saxta xəbərlər yaymaq, Aİ və ABŞ ilə inteqrasiya cəhdlərini etibarsızlaşdırmaqdır.

İkincisi, iqtisadi şantaj, çünki Moskva Ermənistanın enerji resurslarından və logistikadan asılılığından bir ilgək kimi istifadə edir. Yuxarı Larsda vaxtaşırı yaranan “texniki problemlər” və qaz qiymətlərinin yenidən nəzərdən keçirilməsi ilə bağlı təhdidlər seçicilərə birbaşa siqnaldır.

Üçüncüsü, “cib müxalifətinin” maliyyələşdirilməsinə diqqət yetirilir. Yeni spoyler siyasi partiyaların yaradılmasına və təşviqinə böyük kölgə maliyyə axınları yönəldilir. Dördüncüsü, qeyri-sabitliyin ixracının klassik ideyası.

Təxribatçı plan etirazlar zamanı hakimiyyəti güc tətbiq etməyə məcbur etmək və sonra onları beynəlxalq ictimaiyyət qarşısında “diktatura”da ittiham etmək üçün toqquşmalara səbəb olmağı əhatə edir.

Bəs Qərb və Ermənistan hakimiyyəti Moskvanın hördüyü torları qıra biləcəkmi, yoxsa ölkə yenidən “boz zona”ya geri çəkiləcək?

Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev Musavat.com-a bildirib ki, “Sito Sokrata” nəşrinin iddiaları Ermənistan ətrafında gedən geosiyasi mübarizənin nə qədər sərtləşdiyini göstərir. Burada əsas məsələ təkcə seçkilərə müdaxilə deyil, həm də Ermənistan üzərində strateji nəzarət uğrunda Rusiya ilə kollektiv Avropa İttifaqı və ABŞ arasında gedən rəqabətdir. Seçkilər bu rəqabəti daha şiddətləndirib: 
“Son illərdə Nikol Paşinyan hakimiyyəti Rusiyadan məsafələnərək Qərbə yaxınlaşmağa çalışıb.

Ermənistanda parlament seçkiləri

Xüsusilə KTMT-nin Qarabağ məsələsində Ermənistana gözlədiyi dəstəyi verməməsi İrəvanda ciddi məyusluq yaratdı. Bunun ardınca Ermənistanın Aİ missiyasını qəbul etməsi, Fransa ilə hərbi əməkdaşlığı genişləndirməsi və ABŞ-la təhlükəsizlik dialoqunu artırması Moskvada “strateji itki” kimi qiymətləndirilir. Bu baxımdan, Rusiyanın Ermənistanda təsir imkanlarını aktivləşdirməsi gözlənilən idi.

Moskvanın əlində bunun üçün kifayət qədər alət var. Ən həssas məqam isə daxili sabitlik məsələsidir. Ermənistanda sosial narazılıq, revanşist müxalifətin fəallığı və iqtisadi problemlər davam edir. Belə mühitdə küçə etirazlarının manipulyasiya olunması, hakimiyyətin sərt reaksiya vermək məcburiyyəti qarşısında qoyulması və sonra “demokratiyanın boğulması” narrativinin qurulması klassik hibrid təsir metodudur. Bu taktikanın oxşar elementləri əvvəllər Gürcüstan, Moldova və Ukrayna ətrafındakı proseslərdə də müşahidə olunub. Amma vəziyyətin əvvəlki illərdən fərqi də var. Ermənistan cəmiyyəti artıq tam şəkildə Rusiyaya bağlı deyil. Xüsusilə gənc nəsildə və şəhər elektoratında Avropaya inteqrasiya ideyası güclənib. Qərb də Ermənistanı tamamilə Moskvanın orbitinə qaytarmaq istəmir. Buna görə də Aİ maliyyə və siyasi dəstəyi artırır, Fransa təhlükəsizlik sahəsində fəal rol oynayır, ABŞ demokratik institutların qorunmasına xüsusi diqqət ayırır. Seçkilərdə bu istiqamətlərdən dəstək daha da gücləndiriləcək. Hətta hakimiyyətin manipulyativ təxribatçı mitinqlərə müdaxilə etməsi halı yaşansa belə, Qərbdən buna görə Paşinyan hakimiyyətinə təpki olmayacağı ehtimalı yüksəkdir”.

Bununla belə deputat hesab edir ki, Qərbin Ermənistanda təsir imkanları hüdudsuz deyil: “Ermənistanın iqtisadiyyatı, energetikası və təhlükəsizlik sistemi hələ də ciddi şəkildə Rusiya ilə bağlıdır. Üstəlik, Ermənistan coğrafi baxımdan da Rusiyanın təsirindən tam çıxacaq vəziyyətdə deyil. Hazırkı mərhələdə ən real ssenari Ermənistanın uzun müddət balans siyasəti aparmağa çalışmasıdır. Yəni nə tam Qərbə inteqrasiya edə biləcək, nə də əvvəlki kimi tamamilə Rusiyanın nəzarətinə qayıdacaq. Əsas mübarizə də məhz bu “arada qalma” vəziyyəti üzərində gedir. Əgər Paşinyan hakimiyyəti daxildə sabitliyi qoruya, seçkiləri legitim keçirə və Qərbdən real iqtisadi-siyasi təminatlar ala bilsə, Moskvanın təsir imkanlarını müəyyən qədər zəiflədə bilər. Əks halda, xüsusilə daxili qarşıdurma dərinləşərsə, Ermənistanın yenidən Rusiyanın dominant təsir dairəsinə və “boz zona” statusuna sürüşməsi ehtimalı var”.