Mütəxəssis xəbərdarlıq edir: Bu dərmanları qəbul edərkən intensiv idman məşqlərini məhdudlaşdırmaq tövsiyə olunurbackend

Mütəxəssis xəbərdarlıq edir: Bu dərmanları qəbul edərkən intensiv idman məşqlərini məhdudlaşdırmaq tövsiyə olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi dərman preparatlarının qəbulu zamanı intensiv fiziki fəaliyyət sağlamlıq üçün əlavə risklər yarada bilər.

Editor.az xəbər verir ki, bu barədə açıqlamasında farmasevtika üzrə mütəxəssis və Ozon Pharmaceuticals şirkətinin marketinq direktoru Valentina Milovanova bildirib.

Onun sözlərinə görə, xüsusilə antikoaqulyantlar, beta-blokatorlar, diuretiklər, statinlər və qanda şəkərin səviyyəsini azaldan preparatlar qəbul edilərkən fiziki yüklənməyə diqqətlə yanaşmaq lazımdır.

Mütəxəssis qeyd edib ki, antikoaqulyantlar (varfarin, rivaroksaban) və antiaqreqant preparatlar (klopidoqrel, aspirin) qanın laxtalanmasını zəiflədir. Bu səbəbdən döyüş növləri, futbol, hokkey və dağ-xizək idmanı kimi təmaslı idman növlərində hətta kiçik zədələr belə ciddi daxili qanaxmalara səbəb ola bilər.

“Bu preparatları qəbul edən şəxslər yüksək travma riski olan idman növlərindən uzaq durmalıdırlar”, – deyə Milovanova bildirib.

Onun sözlərinə görə, beta-blokatorlar (metoprolol, bisoprolol) ürək döyüntülərinin sürətini azaldır və fiziki fəaliyyət zamanı ürək ritminin lazımi səviyyədə yüksəlməsinə mane olur. Nəticədə insan özünü həddindən artıq yüklənmiş hiss edə, arterial təzyiqin qəfil enməsi və hətta huşunu itirmə halları ilə üzləşə bilər.

Diuretiklər (furosemid, hidroxlortiazid) də idman zamanı risk yaradan dərman qruplarındandır. Fiziki aktivlik zamanı orqanizm maye və elektrolit itirir, diuretiklər isə bu prosesi daha da gücləndirir. Bu da əzələ qıcolmaları, təzyiqin düşməsi və ürək ritm pozğunluqları ilə nəticələnə bilər.

Milovanova əlavə edib ki, statinlər (atorvastatin, simvastatin) bəzi hallarda əzələ ağrıları və zəiflik yarada bilər. İdmandan sonra yaranan əzələ ağrıları normal hesab olunsa da, statin qəbul edən şəxslərdə bu simptom rabdomioliz adlanan, əzələ toxumasının parçalanması ilə müşayiət olunan və kəskin böyrək çatışmazlığına səbəb ola bilən ciddi vəziyyətin ilk əlaməti ola bilər.

“Statin qəbul edən şəxslərdə əzələ ağrıları yaranarsa, kreatinfosfokinaza (KFK) göstəricisinin müəyyənləşdirilməsi üçün qan analizi verilməsi tövsiyə olunur”, – deyə ekspert vurğulayıb.

Mütəxəssis həmçinin bildirib ki, insulin və glibenklamid kimi şəkərsalıcı preparatların qəbulu zamanı intensiv məşqlər hipoqlikemiya riskini artırır. Çünki fiziki fəaliyyət qanda qlükoza səviyyəsini aşağı salır. Hipoqlikemiyanın əsas əlamətləri arasında halsızlıq, əllərdə titrəmə, soyuq tər və huşun itirilməsi yer alır.

Ekspertin sözlərinə görə, dərman qəbulu və idman fəaliyyəti həkim nəzarəti altında düzgün planlaşdırıldıqda bir-biri ilə ziddiyyət təşkil etmir. Bununla belə, yeni dərman qəbuluna başladıqdan sonra ilk həftə ərzində intensiv fiziki yüklənmədən çəkinmək məqsədəuyğun hesab olunur.

//Gülnarə Abasova, Editor.az