Bakıda yol polisi yaxınlıqda yerüstü piyada keçidinin olmasına baxmayaraq, hərəkətin intensiv olduğu hissədən yolu keçməyə çalışan piyadanı saxlayaraq onunla profilaktik söhbət aparıb. İlk baxışdan adi görünən bu hadisə əslində son dövrlərdə Azərbaycan məhkəmələrinin formalaşdırdığı yeni hüquqi yanaşmanın canlı təzahürüdür. Çünki artıq məhkəmələr də açıq şəkildə göstərirlər ki, yol hərəkəti qaydalarını pozan piyadanın məsuliyyətsiz davranışının bütün yükünü sürücünün üzərinə yükləmək ədalətli deyil.
Son illər Azərbaycanda yüzlərlə sürücü piyadanın qəfil yola çıxması nəticəsində baş verən faciələrə görə cinayət məsuliyyətinə cəlb olunub. Halbuki bir çox hallarda sürücünün qəzanın qarşısını almaq üçün heç bir texniki imkanı olmayıb. Bir anlıq diqqətsizlik, bir neçə saniyəlik məsuliyyətsizlik həm piyadanın həyatına son qoyub, həm də sürücünün taleyini məhv edib.
Tanınmış vəkil Ceyhun Yusifovun fikrincə, son dövrlər yol polisi tərəfindən piyadalar arasında aparılan profilaktik tədbirlər təqdirəlayiqdir:
“Yol hərəkəti təhlükəsizliyi yalnız cərimə və inzibati tədbirlərlə təmin edilmir. Ən vacib məsələlərdən biri insanlarda məsuliyyət hissinin formalaşdırılmasıdır. Bu baxımdan qayda pozan piyadalarla aparılan maarifləndirici söhbətlər, onların diqqətinin mümkün təhlükələrə yönəldilməsi müsbət yanaşmadır. Əsas məqsəd kimisə cəzalandırmaq deyil, insan həyatını qorumaqdır. Çünki hər bir qarşısı alınan qayda pozuntusu potensial faciənin qarşısının alınması deməkdir”.

C. Yusifov Musavat.com-a açıqlamasında qeyd edib ki, son illər yol hərəkətinin təhlükəsizliyi sahəsində görülən tədbirlər, piyada keçidlərinin sayının artırılması, nəzarət mexanizmlərinin gücləndirilməsi və profilaktik işlərin genişləndirilməsi dövlətin bu sahəyə xüsusi diqqətinin göstəricisidir:
“Yol polisinin yol-nəqliyyat hadisələrinin qarşısını alan quruma çevrilməsi bu günün tələbidir. Bu mənada profilaktika hər zaman cəzadan daha effektiv vasitə hesab edilir. İnsanlar qaydaların niyə tətbiq olunduğunu anladıqca həm yol mədəniyyəti yüksəlir, həm də qəzaların sayı azalır. Bu baxımdan maarifləndirmə, yeri gələndə inzibati tədbirlərin aparılması mühüm əhəmiyyət daşıyır”.
Vəkil deyib ki, polis orqanlarının profilaktik fəaliyyətləri ilə məhkəmələrin son qərarları əslində eyni məqsədə xidmət edir:
“Yol hərəkəti iştirakçılarının hamısında məsuliyyət hissini gücləndirmək və insan həyatını qorumaq. Yol hamımızındırsa, onun təhlükəsizliyinə görə məsuliyyət də hamımızın üzərindədir”.
Ceyhun Yusifov Sabunçu Rayon Məhkəməsinin 2023-cü ilin oktyabrında rayon ərazisində baş vermiş ölümlə nəticələnən yol qəzasına görə təqsirləndirilən Hacıağa Ağayevə bəraət verməsini diqqətə çatdırıb:
“Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, sürücünün əməlində cinayət tərkibi yoxdur və sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli sayıla bilməz. İttihama görə, Hacıağa Ağayev idarə etdiyi yük avtomobili ilə yolu keçən piyada Yusif Rəhimovu vurmuşdu. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişmişdi. Lakin məhkəmə araşdırması göstərib ki, hadisənin bütün halları sürücünün təqsirli olduğunu təsdiqləmir. Yəni sürücü nəqliyyat vasitəsini dayandırmaq üçün əlindən gələni edib, qəzanın qarşısını almaq üçün bütün mümkün texniki imkanlardan istifadə etmişdi. Bu, son dövrlərdə verilən ilk belə qərar deyil. Ötən il Binəqədi Rayon Məhkəməsi də analoji hadisə üzrə sürücü Cavid Əsgərova bəraət vermişdi. Ayna Sultanova heykəlinin yaxınlığında baş vermiş qəzada piyada yolu nəzərdə tutulmayan hissədən keçmiş, digər avtomobilin qarşısından qəfil qaçaraq hərəkət zolağına çıxmışdı. Məhkəmə müəyyən etmişdi ki, sürücünün toqquşmanın qarşısını almaq üçün real imkanı olmayıb. Beləliklə, Azərbaycan məhkəmələri qarşısıalınmazlıq prinsipini daha qabarıq şəkildə tətbiq etməyə başlayıb. Əgər sürücü qaydaları pozmayıbsa, sürət həddini aşmayıbsa və piyadanın qəfil hərəkəti nəticəsində qəzadan yayınmaq texniki baxımdan mümkün olmayıbsa, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi hüququn mahiyyətinə uyğun hesab edilmir. Yol polisinin bu gün yolu nəzərdə tutulmayan yerdən keçən piyadanı saxlaması, sadalanan məhkəmə qərarları yol hərəkətində yalnız sürücülərin deyil, piyadaların da öhdəliklərinin olmasını təsdiqləyir. Bəzən insanlar “zebra”dan istifadə etməyə tənbəllik edir, yerüstü və ya yeraltı keçidə qalxmaq istəmir, bir neçə dəqiqə vaxt qazanmaq naminə özlərini avtomobillərin qarşısına atırlar. Nəticədə faciə baş verir, piyada ömürlük şikəst olur, sürücü isə məsuliyyətə cəlb edilir. Proflaktik tədbirlər isə belə faciələrin qarşısını almaq gücündədir”.
Vəkil deyib ki, daha bir mühüm dəyişiklik isə Ali Məhkəmənin son qərarında özünü göstərib:
“Belə ki, sürücü Elməddin Məmmədovun işi üzrə Ali Məhkəmə aşağı instansiyaların qərarlarını yenidən qiymətləndirib. Məlum olub ki, sürücü qəza baş verəndən sonra zərərçəkmişə kömək göstərib, dəfn xərclərini öz üzərinə götürüb, hətta maddi kompensasiya ödəməyə hazır olduğunu bildirib. Lakin mərhumun yaxınları 70 min manat tələb edərək barışıqdan imtina ediblər. Ali Məhkəmə isə bu yanaşmanı sürücünün əleyhinə hal kimi qiymətləndirməyib. Məhkəmə hesab edib ki, şəxsin maddi imkanlarını aşan məbləğin tələb olunması onun daha ağır cəza almasına əsas ola bilməz. Nəticədə sürücünün cəzası azaldılıb və onun məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməsi qərara alınıb. Halbuki, uzun illər Azərbaycanda yol-nəqliyyat hadisələri ilə bağlı dəyişməz bir ictimai stereotip formalaşmışdı ki, qəza baş veribsə, deməli sürücü günahkardır. Piyada haradan və necə keçməsindən asılı olmayaraq, bütün ittihamlar avtomatik olaraq sükan arxasındakı şəxsin üzərinə yönəlirdi. İndi isə durum dəyişib və piyadalar da daha əvvəllər olduğu kimi tam məsuliyyətsiz deyillər. Həyatları, sağlamlıqları bahasına yol keçənləri bundan sonra inzibati həbs də göəzləyir. Hər bir piyada daha məsuliyyətli olmalı, özünü və digərlərini təhlükəyə atmamalıdır”.


