Pezeşkian həyəcan təbili çaldı – SON DƏQİQƏ DETALLARIbackend

Pezeşkian həyəcan təbili çaldı – SON DƏQİQƏ DETALLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda daxili vəziyyət və ölkənin üzləşdiyi sosial-iqtisadi problemlər fonunda hakimiyyətin ritorikasında “birlik və həmrəylik” çağırışları ön plana çıxır.

İran prezidenti Məsud Pezeşkian ABŞ və İsraillə müharibənin ölkədə ciddi problemlər yaratdığını və bunun xalqın gündəlik məsələləri ilə məşğul olmağa mane olduğunu bildirib.

Pezeşkian ABŞ və İsraili ölkə daxilindəki mövcud fikir ayrılıqlarından istifadə etməyə çalışmaqda ittiham edib. O, bunun qarşısının alınması üçün cəmiyyətin bütün təbəqələrinin həmrəy olmasının vacibliyini vurğulayıb.

Pezeşkianın sözlərinə görə, İran xalqı “əl-ələ verməli”, birlik və həmrəylik nümayiş etdirməli, əsas diqqəti insanların problemlərinin həllinə və ölkədə vəziyyətin yaxşılaşdırılmasına yönəltməlidir.

Prezidentin açıqlaması Tehranın həm xarici təzyiqlər, həm də daxili sosial-siyasi problemlər fonunda cəmiyyətin parçalanması ehtimalından ciddi narahat olduğunu göstərir. Xüsusilə “parçalanmadan istifadə edərək ixtilaf yaratmaq” ifadəsi diqqət çəkir. Bu, İran hakimiyyətinin ölkə daxilindəki narazılıqların xarici qüvvələr tərəfindən yönləndirilə biləcəyi barədə mövqeyinin növbəti ifadəsidir.

Tehranın “parçalanmadan istifadə edilməsi” barədə iddiasının arxasında hansı real təhlükələr dayanır? İran hakimiyyəti ölkə daxilindəki sosial və iqtisadi problemlərin dərinləşməsini nə dərəcədə xarici amillərlə əlaqələndirir? Müharibənin yaratdığı gərginlik İran cəmiyyətində parçalanma riskini artırır?

Musavat.com xəbər verir ki, siyasi şərhçi Azər Hüseynovun sözlərinə görə, mövcud siyasi vəziyyət fonunda Pezeşkianın sosial məsələləri ön plana çıxararaq ölkə əhalisini daxili amillər ətrafında səfərbər etməyə çağırması siyasi proseslərin inkişaf məntiqi baxımından müəyyən dərəcədə ehtimal olunan yanaşmadır:

“İranda prezident ölkənin ideoloji hakimiyyətini təmsil etmir və dövlətin əsas ideoloji xəttini müəyyənləşdirmir. Prezidentin rəhbərlik etdiyi hökumətin başlıca məsuliyyət dairəsi müəyyən edilmiş siyasi kursun həyata keçirilməsi, xüsusilə də ölkənin iqtisadi və sosial siyasətinin reallaşdırılması ilə bağlıdır. Təbii ki, müharibə şəraitində İran cəmiyyəti də digər cəmiyyətlər kimi müxtəlif sosial və siyasi təbəqələrdən ibarətdir. Bu səbəbdən müharibəyə münasibətin cəmiyyətin bütün təbəqələrində eyni olması gözlənilən deyil. Əhalinin bir hissəsi məsələyə ideoloji və milli təhlükəsizlik aspektindən yanaşa bilər. Digər bir qrup isə sosial və iqtisadi problemlərin dərinləşməsi, yaşayış səviyyəsinin aşağı düşməsi və gündəlik həyatla bağlı çətinliklərin artması fonunda narazılıq ifadə edə bilər”.

Siyasi ekspert Pezeşkianın çıxışını daha çox daxili auditoriyaya hesablanmış siyasi mesaj kimi qiymətləndirir:

“Belə bir çıxışın əsas məqsədlərindən biri daxili auditoriyanı xarici təhlükələr və mövcud siyasi şərait ətrafında səfərbər etmək, eyni zamanda cəmiyyətdə yaranan sosial narazılıqların idarə olunmasına çalışmaq ola bilər. Digər tərəfdən, bu çıxış ölkənin dini rəhbərliyinə və ideoloji-siyasi hakimiyyət dairələrinə müəyyən mesaj və tövsiyə xarakteri də daşıya bilər. Ümumiyyətlə, dövlətin ideoloji və praktiki idarəetmə strukturları arasında siyasi fəaliyyətin və qərarların koordinasiyası kifayət qədər səmərəli şəkildə həyata keçirilmədikdə, bu, ölkə daxilində müxtəlif problemlərin meydana çıxmasına səbəb ola bilər. Belə problemlər yalnız siyasi sahə ilə məhdudlaşmır, eyni zamanda iqtisadi və sosial nəticələr də doğura bilər. İran da bu baxımdan istisna təşkil etmir. Mövcud şəraitdə siyasi qərarların cəmiyyətin sosial-iqtisadi gözləntiləri ilə uzlaşdırılması ölkənin daxili sabitliyi və idarəetmənin effektivliyi baxımından xüsusi əhəmiyyət daşıyır”.