Səhər yeməyinin günün ən vacib qida qəbulu olduğu fikri uzun illərdir geniş yayılıb. Lakin mütəxəssislər hər insanın qidalanma rejiminin fərqli olduğunu və səhər yeməyini mütləq müəyyən saatda yeməyin vacib olmadığını bildirirlər.
Editor.az xəbər verir ki, Skandinaviya Sağlamlıq Mərkəzinin qastroenteroloqu Olqa Çistik səhərlər yeməkdə çətinlik çəkən insanların özlərini məcbur etməsinin doğru olmadığını deyib.
Həkimin sözlərinə görə, pasiyentləri qidalanma vərdişlərinə görə şərti olaraq üç qrupa bölmək olar. Birinci qrupa səhərlər rahatlıqla tam səhər yeməyi yeyən insanlar daxildir. İkinci qrupda səhər saatlarında iştahı olmayan və yalnız saat 11–12 radələrində yemək istəyən şəxslər yer alır. Üçüncü qrupda isə əsas qida qəbulu günün ikinci yarısına düşən insanlar olur.
“Gec yeyən insanı səhər saat 7-də yeməyə məcbur etmək fiziologiyaya qarşı çıxmaqdır”, — Çistik bildirib.
Mütəxəssis hesab edir ki, əsas məsələ ilk yeməyin nə vaxt yeyilməsi deyil, insanın yeməksiz nə qədər müddət qalmasıdır. Onun sözlərinə görə, əksər sağlam böyüklər üçün gecə ərzində 12–14 saatlıq qida fasiləsi təhlükəsiz hesab olunur.
Bununla belə, səhər yeməyinin ötürülməsi bəzi hallarda arzuolunmaz nəticələrə səbəb ola bilər. Həkim xüsusilə səhər yeməyi yemədən qəhvə içməyi məsləhət görmür. Acqarına qəbul edilən kofein mədə turşusunun ifrazını artıra və buna meyilli insanlarda qastrit və reflüks əlamətlərini gücləndirə bilər.
Digər problem isə buraxılmış səhər yeməyinin günorta saatlarında şirniyyat və digər sürətli karbohidratlarla kompensasiya edilməsidir. Bu zaman qanda qlükozanın səviyyəsi sürətlə yüksələ, daha sonra isə yorğunluq və yenidən aclıq hissi yarana bilər. Bu vərdiş uzun müddətdə artıq çəkiyə də səbəb ola bilər.
Qastroenteroloq bəzi insanların səhər yeməyini ötürməməli olduğunu vurğulayıb. Xüsusilə diabeti, kəskinləşmiş mədə xorası və ya öd daşı xəstəliyi olan şəxslər, eləcə də hamilə qadınlar uzun müddət səhər ac qalmaqdan çəkinməlidirlər.
Həkimin sözlərinə görə, funksional dispepsiya — yəni mədədə müxtəlif narahatlıqların müşahidə edildiyi vəziyyət — olan bəzi pasiyentlərdə də məcburi səhər yeməyindən imtina edildikdən sonra şikayətlər azala bilər.
“Orqanizm hər insanda fərqlidir və hamı üçün uyğun universal qidalanma cədvəli yoxdur”, — Çistik qeyd edib.
Səhərlər yemək istəməyən insanlara gün ərzində qidalanma balansına diqqət yetirmək tövsiyə olunur. İlk qida qəbuluna qədər bir neçə saat vaxt varsa, acqarına qəhvə içmək əvəzinə su, bitki çayı və ya südlə hazırlanmış kakao içmək daha məqsədəuyğun ola bilər.
İlk yeməyin hansı saatda qəbul edilməsindən asılı olmayaraq, onun zülal, tərəvəz və kompleks karbohidratlardan ibarət tam və balanslı qida olması tövsiyə edilir. Mütəxəssis həmçinin sonuncu yeməyin yatmazdan ən azı 3 saat əvvəl qəbul edilməsini məsləhət görüb.
Həkimin fikrincə, səhər yeməyi yeməyən insan özünü yaxşı hiss edir, çəkisi sabit qalır və həzm sistemi ilə bağlı narahatlıq yaşamırsa, səhər yeməyini ötürməyin özü ciddi problem hesab olunmur.
//Gülnarə Abasoba, Editor.az

