Əllərin və ayaqların qaşınması, gecə saatlarında ayaq qıcolmaları və tez-tez baş verən qanaxmalar qaraciyərin fəaliyyətində pozuntunun ilkin və az nəzərə çarpan əlamətləri ola bilər.
Editor.az xəbər verir ki, amerikalı terapevt Kori Rays bildirib ki, bəzi qaraciyər xəstəlikləri uzun müddət özünü aşkar simptomlarla göstərməyə bilər. Həkimin sözlərinə görə, xüsusilə əllərin içi və ayaqaltılarında yaranan qaşınma diqqətdən kənarda saxlanılmamalıdır.
Mütəxəssisin fikrincə, qaraciyərin normal fəaliyyətinin pozulması zamanı öd turşuları qanda toplana bilər. Bu maddələr dəridəki sinir uclarını qıcıqlandıraraq qaşınmaya səbəb olur.
Belə narahatlıq xüsusilə əllərin içində və ayaqaltılarında daha çox hiss edilə və gecə saatlarında güclənə bilər.
Həkim qaraciyərlə bağlı problemlərin digər mümkün əlaməti kimi gecələr ayaqlarda yaranan qıcolmaları da qeyd edib.
Onun sözlərinə görə, bəzi qaraciyər xəstəlikləri orqanizmdə elektrolit balansının pozulmasına və zülal mübadiləsində dəyişikliklərə səbəb ola bilər. Bu isə əzələlərdə qıcolmaların yaranmasına gətirib çıxara bilər.
Mütəxəssis həmçinin səbəbsiz və ya tez-tez baş verən qanaxmaların nəzərə alınmasını tövsiyə edib.
Qaraciyər qanın normal laxtalanması üçün vacib olan bir sıra zülalların istehsalında iştirak edir. Orqanın fəaliyyətinin pozulması nəticəsində qanın laxtalanma prosesi zəifləyə və qanaxmaya meyillilik arta bilər.
Həkim vurğulayıb ki, sadalanan simptomların heç biri öz-özlüyündə qaraciyər xəstəliyinin dəqiq göstəricisi hesab edilmir. Bu əlamətlərin başqa səbəbləri də ola bilər.
Lakin simptomlar uzun müddət davam edərsə, həkimə müraciət etmək və müvafiq tibbi müayinədən keçmək tövsiyə olunur.
Daha ciddi əlamətlərə isə dərinin və gözlərin ağının saralması, qusma və şüurun qarışması daxildir. Bu simptomlar müşahidə olunarsa, mümkün qədər tez tibbi yardım almaq lazımdır.
//Gülnarə Abasova, Editor.az

