ABŞ Prezidenti Donald Tramp Omanı Hörmüz boğazı ilə bağlı danışıqlara mane olacağı təqdirdə hərbi zərbə endirməklə hədələyib.
Tramp bu barədə avqustun 17-də Fox News telekanalına müsahibəsində danışıb. O, Oman ABŞ-ın İranla bağlı mövqeyinə və Hörmüz boğazında naviqasiyanın təmin edilməsi istiqamətindəki səylərinə mane olarsa, Vaşinqtonun ölkəyə qarşı hərbi əməliyyat keçirə biləcəyini bildirib.
Hörmüz boğazı hazırda ABŞ-İran qarşıdurmasının əsas gərginlik nöqtələrindən biridir.
Oman isə İran və ABŞ arasında diplomatik təmaslarda vasitəçi rolunu oynayır. Tehran və Maskat boğazdan gəmiçiliyin idarə olunması ilə bağlı razılaşmanın yekunlaşdırılması üzərində işləyirlər.
Trampın açıqlaması Vaşinqtonla Maskat arasında onsuz da gərginləşən münasibətlər fonunda səslənib. ABŞ administrasiyası Hörmüz boğazında hər hansı ödəniş və ya keçid mexanizminin yaradılmasına qarşı çıxır.
Hörmüz boğazında vəziyyətin daha da gərginləşməsi qlobal enerji bazarlarına da təsir göstərə bilər. Reuters-in məlumatına görə, boğazdan keçən yükdaşımaların azalması fonunda bazarlar ABŞ-İran danışıqlarının nəticələrini diqqətlə izləyir.
//Samir Qurbanov, Editor.az

