Gürcüstanda son 33 ildə ilk dəfə olaraq Abxaziyaya benzin tədarük edilməsi ilə bağlı qalmaqal yaranıb.
Suxumi əvvəllər bütün tədarükünü Moskvadan aldığı halda indi Tiflisdən alıb. Artıq Gürcüstandan Abxaziyaya ən azı 300 ton benzin göndərilib. Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətinin bununla heç bir əlaqəsi olmadığını, bunun sırf biznes məsələsi olduğunu bildirib.
“Yanacaq idxalına gəldikdə isə, biz onları idxal etməmişik; biznes idxal edib. Gələcəkdə orada yaşayan əhali – həm gürcü, həm də abxaz – üçün vəziyyəti yüngülləşdirmək imkanımız olsa, biz bunu davam etdirəcəyik”, – deyə Gürcüstan hökumətinin rəhbəri izah edib.
Bununla belə, “Gürcü Arzusu” hökumətinin əleyhdarları hakimiyyətin “işğalçılara” kömək etdiyi və bunun Rusiyadan asılı olduğunu sübut etdiyini bildirirlər. Gürcüstan Milli Bankının keçmiş rəhbəri Roman Qotsiridze bəyan edib ki, Gürcüstan benzin tədarükü Suxumini xilas etməyəcək, lakin rus turistlər gedə biləcəklər. O, həmçinin yanacaq satan şirkətin gəlirlərini bəyan etmədiyini və buna görə də məsuliyyətə cəlb edilməli olduğunu bildirib.
“Dəyişiklik uğrunda koalisiya”nın nümayəndəsi Tenqo Tevzadze qeyd edib ki, Abxaziyaya yanacaq çatdırılması humanitar yardım hesab edilə bilməz. “Bu, konkret bir insanın ehtiyac duyduğu elektrik enerjisi ilə bağlı yardım deyil. “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvili cinayətkarlar, separatçılar və ruslarla birlikdə pul qazanır – onlar da eyni şeyi edirlər”, – Tevzadze bəyan edib.
Müxalifət üzvləri həmçinin Abxaziya hakimiyyətinin gürcü yanacağını rus hərbçilərinə ötürməsi ehtimalını da istisna etməyiblər. “Droe” və “Lelo – Güclü Gürcüstan” partiyaları da “Gürcü Arzusu”na qarşı oxşar ittihamlar irəli sürüblər.
Kobaxidzenin Gürcüstan və Rusiya arasında 1783-cü ildə imzalanan Georgiyevsk müqaviləsini gürcü dövlətçiliyi tarixində müsbət rol oynadığını deməsi də ayrıca tənqid olunur.
Həmin sənəd Gürcüstanın Rusiya imperiyasına inteqrasiyası üçün başlanğıc nöqtəsi hesab olunur.
Bu barədə danışan keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib ki, onun məlumatına görə, “Gürcü Arzusu” hökuməti Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə, Abxaziya və Cənubi Osetiya ilə güc tətbiq etməmək barədə müqavilə imzalamağa və ölkənin neytrallığını elan etməyə hazırlaşır. Onun sözlərinə görə, hakim partiyanın qurucusu Bidzina İvanişviliyə yaxın olanlar buna bu payızda nail ola biləcəklərinə inanırlar və bundan sonra bu siyasi qüvvə respublika üzərində hakimiyyətini daimi olaraq möhkəmləndirə biləcək.
“Bu payız gürcülər üçün həqiqət anı olacaq: ya hamımız indi birləşəcəyik, hərəkətə keçəcəyik və azadlığa layiq olduğumuzu sübut edəcəyik, ya da bir millət olaraq yox olacağıq”, – Saakaşvili bəyan edib.
Musavat.com

