Qələmin qızıl xətti: Fövqəladə təbiətin və ekstemal jurnalistikanın 151 illik salnaməsibackend

Qələmin qızıl xətti: Fövqəladə təbiətin və ekstemal jurnalistikanın 151 illik salnaməsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşrinə başladığı “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan milli mətbuatı əsri aşan bir yol keçib. Bu gün -151 illik yubileyi qeyd edərkən, adətən, mətbuatımızın maarifçilik missiyasından, ictimai fikirin formalaşmasındakı rolundan və klassik jurnalistika prinsiplərindən bəhs olunur.

Lakin tarixin dərinliklərinə və bu günün reallıqlarına tamamilə fərqli bir rakursdan-informasiya cəbhəsinin ön xəttində, qeyri-adi və ölümcül risklərlə müşayiət olunan ekstremal şəraitdə çalışanların prizmasından baxdıqda, tamamilə yeni bir mənzərə yaranır.
Milli mətbuat tariximiz yalnız kaşğar qoxulu səhifələrdən və intellektual müzakirələrdən ibarət deyil; o, həm də barıt qoxulu səngərlərdən, dağıntılar altından, qlobal kataklizmlərin və hərbi münaqişələrin mərkəzindən redaksiyalara ötürülən həqiqətlərin salnaməsidir.
151 il əvvəl Həsən bəy Zərdabi “Əkinçi”ni ərsəyə gətirəndə bu, sadəcə qəzetçilik təşəbbüsü deyil idi; bu, cəmiyyətin zülmətə qarşı qaldırdığı intellektual üsyan idi. Zərdabi özü də bilmədən o zaman Azərbaycan jurnalistikasının gələcək ekstremal xarakterinin təməlini qoymuşdu. Çünki həqiqəti cəmiyyətə çatdırmaq, imperiya senzurasının və cəhalətin divarlarını yarıb keçmək elə ilk gündən cəsarət tələb edirdi.
Lakin illər keçdikcə zaman dəyişdi, mübarizə üsulları təkamül etdi. Bu gün Azərbaycan jurnalistikası artıq sadəcə kabinetlərdə oturub məqalə yazmaq peşəsi deyil. O, ən qaynar nöqtələrdə -mina təmizlənməmiş ərazilərdə, düşmənlə üz-üzə dayanan səngərlərdə, təbii fəlakətlərin və hərbi əməliyyatların mərkəzində obyektivliyi qorumaq missiyasına çevrilib.
Azərbaycan mətbuatının 151 illik tarixində elə fədakar qələm sahibləri olub ki, onlar yazı masasını cəbhə xətti ilə əvəz ediblər. Qarabağ müharibələri dövründə, Vətən müharibəsininə qədər və ondan sonrakı dövrdə jurnalistlərimizin göstərdiyi şücaət dünya media tarixində xüsusi yer tutur.
Ekstremal jurnalistika sadəcə xəbər vermək deyil; o, həyatı ilə risk arasında paralel xətt çəkməkdir. Azərbaycan jurnalisti üçün qələm hərdən silaha çevrilir- lakin bu silah yalnız haqqı, ədaləti və düşmənə qarşı informasiya mübarizəsində qələbəni təmin etmək üçündür. Bu gün “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi olaraq bizim əsas məqsədimiz məhz bu missiyanı daşıyan, hər an həyatını təhlükəyə ataraq həqiqətin izi ilə gedən peşəkarların hüquqlarını qorumaq, onların fəaliyyətini dəstəkləmək və bu ağır peşənin çətinliklərini dövlət və cəmiyyət səviyyəsində diqqətdə saxlamaqdır.
Bu gün milli mətbuatımız tamamilə yeni bir çağırışla üz-üzədir. Hibrid müharibələr dövründə informasiya artıq sadəcə xəbər deyil, strateji silahsızlanma və ya qorunma vasitəsidir. Azərbaycan jurnalisti bu gün həm də informasiya sərhədlərimizin keşiyində duran əsgərdir. Yalanın, manipulyasiyanın və informasiya terrorunun hökm sürdüyü qlobal dünyada həqiqəti saflığı ilə çatdırmaq özlüyündə ən böyük ekstremal fəaliyyətdir. 151 illik yubileyi qeyd edərkən biz keçmişə yalnız qürurla baxmırıq; biz həm də gələcəyin mesafəsini müəyyənləşdiririk. Azərbaycan mətbuatı Həsən bəy Zərdabinin işıqlandırdığı məşəli bu gün dünyanın ən qaynar, ən riskli nöqtələrində belə sönməyə qoymayan fədakar jurnalistlərin çiynində daşıyır.
Bu yolda həyatını qurban verən bütün şəhid jurnalistlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qələmini hər zaman həqiqətin və Vətənin xidmətinə bağlayan hər bir həmkarımızı 151 illik yubiley münasibətilə ürəkdən təbrik edirəm.
Inanıram ki, Azərbaycan mətbuatı hər zaman olduğu kimi, bundan sonra da həm ənənələrinə sadiq qalacaq, həm də ekstremal şəraitin qoyduğu bütün çağırışlara şərəflə cavab verəcəkdir.

Nahid Canbaxışlı
“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin sədri