Seçkilər ərəfəsində Ermənistanda sərt ritorika davam edir.
Musavat.com xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan xaricdə yaşayan ermənilərə də şamil olunan seçki rüşvəti ilə bağlı xəbərdarlıq edib.
O bildirib ki, kim səs müqabilində rüşvət alarsa, hətta ölkə xaricində olsa belə, bu barədə xüsusi xidmət orqanları məlumat əldə edəcək və həmin şəxslər Ermənistana daxil olan kimi – o cümlədən Zvartnots hava limanında – dərhal saxlanılacaqlar.
Rubinyan çıxışında bəzi media qurumlarını da sərt tənqid edib. Onun sözlərinə görə, oliqarxlardan maliyyələşən və “satılmış” media onu qorxu yaymaqda ittiham edir:
“Bəli, mən qorxuduram. Rüşvət alanlar da, verənlər də qorxmalıdır. Onlar bilməlidir ki, tutulacaq və həbs olunacaqlar”.
Vitse-spiker keçmiş hakimiyyət dövrünə də toxunaraq bildirib ki, əvvəllər rüşvət halları cəzasız qalırdı, lakin indi vəziyyət dəyişib və belə hallara qarşı sıfır tolerantlıq tətbiq olunur.
O əlavə edib ki, qeyri-qanuni maliyyə alan media qurumları da məsuliyyətdən kənarda qalmayacaq və növbə onlara da çatacaq.
Ruben Rubinyan çıxışını sərt çağırışla yekunlaşdırıb:
“Qorxun!”

