Son vaxtlar dezinformasiya Azərbaycan cəmiyyətində sosial sabitliyə və ictimai etimada ciddi təsir göstərən problemə çevrilib. Xüsusilə sosial şəbəkələrdə yanlış məlumatların sürətlə yayılması ictimai rəyin manipulyasiyası riskini artırıb.
“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi sözügedən problemlə əlaqədar “Dezinformasiya ilə mübarizənin təşviqi” layihəsinin icrasına start verib.
Editor.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihənin məqsədi media savadlılığının artırılması, jurnalistlərin və gənclərin faktyoxlama bacarıqlarının gücləndirilməsi, həmçinin ictimaiyyətin dezinformasiyanı tanıma bacarıqlarının və ona qarşı dayanıqlılığının artırılmasıdır.
Layihə çərçivəsində hazırlanacaq maarifləndirici materiallar elektron KİV-lərdə yayımlanacaq.
İctimai Birlik hesab edir ki, dezinformasiya ilə mübarizənin təşviqi müasir informasiya mühitində cəmiyyətin maarifləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
“Araşdırmalarımıza görə, Azərbaycan hazırda dezinformasiyadan zərər çəkən ölkələr sırasındadır. Dezinformasiyanın geniş yayılması ölkəmizin gündəlik informasiya dövriyyəsində özünü büruzə verir. Həmçinin Azərbaycanın qoşulduğu lokal və qlobal proseslərə neqativ təsir göstərir.
Bu layihə müasir informasiya mühitində ən aktual problemlərdən biri olan yanlış, saxta və manipulyativ məlumatların yayılmasına qarşı maarifləndirmə və mübarizə tədbirlərinin gücləndirilməsinə yönəlmiş yaxşı bir təşəbbüs ola bilər”, – JAM-ın açıqlamasında deyilir.


