Eyni anda iki fərqli ərazidə sükan arxasında olmaq mümkün deyil.
Amma, belə hallar var. Bu uyğunsuzluq bəzi taksi sürücülərinin qanunsuz fəaliyyətini üzə çıxarıb. Məlumatlara görə, Yerüstü Nəqliyyat Agentliyi müəyyən edib ki, bəzi sürücülər imtahanda uğur qaqzandıqdan sonra iki müxtəlif taksi operatorunda qeydiyyatdan keçsələr də, sonradan həmin hesablardan birini başqa şəxsə istifadə üçün verirlər. Nəticədə platforma rəsmi olaraq bir sürücünün adına olsa da, sifarişə başqa avtomobil və başqa şəxs gəlir.
Əgər eyni sürücünün adına olan iki fərqli platformada eyni vaxtda müxtəlif ünvanlarda sifarişlərin icra edildiyi görünürsə, bu, hesabın başqa şəxs tərəfindən istifadə edildiyini göstərir. Qayda pozuntusu aşkarlanan sürücülərin fəaliyyəti iki ay müddətinə bloklanır.
Xezerxeber.az-ın xəbərinə görə, yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, hesabı istifadə edən şəxslər arasında taksi fəaliyyəti üçün müəyyən olunmuş tələblərə cavab verməyən, o cümlədən imtahandan keçə bilməyən şəxslər də ola bilər.
Ekspert hesab edir ki, həmin şəxslərin fəaliyyəti nəinki iki aylıq, hətta birdəfəlik bloklanmalıdır ki, digər belə qanunsuzluqlara yol verən sürücülərə də dərs olsun. Çünki taksi fəaliyyəti üçün yaradılmış hesabların digər şəxslərə verilməsi qanunvericiliyin tələblərinə ziddir.
Elmədin Muradlı onu da əlavə etdi ki, AYNA elektron monitorinq vasitəsilə oxşar pozuntular aşkarladıqca müvafiq məhdudiyyətlər tətbiq edəcək.

