HÖrmüz boğazında Rusiya gəmiləri üçün güzəşt: Tehran rüsum qərarını dəyişdi
İran Hörmüz boğazından keçidə görə tutulan rüsumlar məsələsində Rusiya və bir sıra digər ölkələr üçün istisnalar tətbiq edib.
Musavat.com xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali məlumat verib.
“Gələcəkdə nə olacağını bilmirəm, lakin hazırda Xarici İşlər Nazirliyimiz Rusiya kimi dost ölkələr üçün nəzərdə tutulmuş istisnaları işə salmağa çalışır”, – səfir açıqlamasında bildirib.
Xatırladaq ki, aprelin 6-da İranın Hörmüz boğazından keçid üçün tətbiq etdiyi rüsumların dost ölkələrin gəmilərinə də şamil olunacağı bildirilib. Bütün tankerlər üçün ödəniş tətbiq edilməsi qərarı ABŞ və İsrail ilə yaşanan münaqişə zamanı dəyən zərərlə əlaqələndirilirdi. Tehran bu yolla hücumlar nəticəsində yaranan itkiləri kompensasiya etməyi planlaşdırırdı.
Vəziyyətin gərginləşməsi fonunda, aprel ayında ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının blokadaya alınması barədə göstəriş verib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə atəşkəs dövründə boğazı blokadadan çıxarıb. Həmin müddətdə gəmilərə qarşılıqlı hücum faktları qeydə alınıb.
Son məlumatlara görə, ABŞ hazırda İranın Hörmüz boğazı, Fars və Oman körfəzləri ətrafındakı hərbi obyektlərinə zərbələr endirmək üçün plan hazırlayır. Məqsəd Tehranın bu su yollarını bağlamaq imkanlarını məhdudlaşdırmaqdır.

