Xırdalanda tikinti qalmaqalı: Sakinlərdən şok ittihamlar, MTK rəhbərindən cavabbackend

Xırdalanda tikinti qalmaqalı: Sakinlərdən şok ittihamlar, MTK rəhbərindən cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunun Xırdalan şəhəri, Həsən Əliyev prospektində (Qafqaz Universitetinin yaxınlığında yerləşən 9 mərtəbəli binalar kompleksi) yaşayan sakin Rüfət Cəfərli “REAL – KO İNŞAAT” tikinti şirkəti ilə bağlı redaksiyamıza şikayətlə müraciət edib.

O, Musavat.com-a müraciəti zamanı iddia edib ki, MTK 2007-ci ildə Abşeron Rayon İcra Hakimiyyətindən ərazidə 7 ədəd 9 mərtəbəli binanın tikintisi üçün sərəncam və icazə alıb. Lakin illər keçməsinə baxmayaraq, şirkət köhnəlmiş və ekspertiza rəylərinin müddəti bitmiş sənədlərlə 2020-2021-ci illərdə qanunsuz tikinti işlərini davam etdirməyə cəhd göstərib:

“Sakinlərin çoxsaylı şikayətlərindən sonra Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən araşdırma aparılıb, tikintiyə verilmiş icazələr ləğv edilərək işlər dayandırılıb. Lakin buna baxmayaraq, şirkət rəhbərliyi 6-cı binanın tikintisini yekunlaşdırıb, 7-ci binanın isə 1-ci mərtəbəsini qanunsuz olaraq inşa edib.

Tikintinin dayandırılması barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarından narazı qalan MTK Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək bu qərarın ləğv olunmasını tələb edib. Artıq 2 ildir ki, davam edən bu məhkəmə prosesi davamlı olaraq təxirə salınır”.

R. Cəfərli iddia edir ki, hətta MTK rəhbərliyi sakinləri susdurmaq üçün ona pul təklif edərək “şikayətim yoxdur” ərizəsi almağa cəhd göstərib, lakin sakin bu təklifi qətiyyətlə rədd edib:

“Fövqəladə hal baş versə, xilasetmə maşınları əraziyə girə bilməyəcək. Ərazidə sıxlıq norması kobud şəkildə pozulub. Tikinti normalarına əsasən, binalar arasında minimum 18–30 metr məsafə saxlanılmalı olduğu halda, burada binalararası məsafə cəmi 6-7 metrə endirilib. Binaların həyətində uşaqların oynaması və sakinlərin istirahəti üçün heç bir şərait yoxdur. Şirkətin qazdığı açıq kotlovanlar və tikinti sahələri uşaqlar üçün ciddi həyati təhlükə yaradır”.

Rüfət Cəfərlinin sözlərinə görə, binanın zirzəmisində və 1-ci mərtəbəsində havalandırma sistemi (bacası) olmayan restoran və xeyir-şər evi fəaliyyət göstərir. Məclislər keçirilərkən bütün tüstü, qoxu və zəhərli qazlar mənzillərə dolur:

“Binanın layihəsində nəzərdə tutulmadığı və rəsmi icazəsi olmadığı halda, 1-ci mərtəbədə özbaşına uşaq bağçası açılması planlaşdırılır. Binaların altındakı qarajlar sakinlərin istifadəsində olmalı olduğu halda, bağlanılaraq qanunsuz idarə olunur. Zirzəmiyə maşın salmaq üçün aylıq ödəniş özbaşına 30 manatdan 50 manata qaldırılıb. Binaların elektrik sistemi isə su anbarının xəttinə qanunsuz qoşulduğundan gün ərzində dəfələrlə işıqlar sönür, mənzillərdəki məişət avadanlıqları sıradan çıxır”.

Sakinin verdiyi məlumata görə, ərazidəki ekoloji və tikinti pozuntuları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi də şirkəti Abşeron Rayon Məhkəməsinə verib:

“Problem artıq məhəlli çərçivədən çıxaraq ciddi sosial və hüquqi böhrana çevrilib. Sakinlər olaraq aidiyyəti dövlət qurumlarından və hüquq-mühafizə orqanlarından bu özbaşınalığa son qoyulmasını, qanunsuz tikililərin sökülməsini və pozulmuş hüquqlarımızın bərpa edilməsini xahiş edirik”.

Məsələ ilə bağlı “REAL – KO İNŞAAT” tikinti şirkətinin rəhbəri Rövşən Bayramov redaksiyamıza açıqlamasında ittihamları rədd edib və şikayətlərin əsassız olduğunu bildirib. MTK rəhbərinin sözlərinə görə, 7-ci binada tikinti işləri artıq dayandırılıb və bu, şikayətçinin müraciəti ilə deyil, digər səbəblərlə bağlıdır:

“Binaların tikintisi, binalararası məsafə və bütün texniki parametrlər dövlət orqanları tərəfindən təsdiqlənib, ekspertiza rəyləri alınıb. Daş daş üstünə qanunsuz qoyula bilməz. Şikayətçi özü uzun müddətdir həmin binada yaşamır, mənzilini xarici vətəndaşlara icarəyə verib. Onun “rüşvət təklif olunub” iddiası da tamamilə yalandır. Əgər biz ona pul təklif etmişiksə, nəyə görə məhkəməyə müraciət edirik? Yalan söhbətdir. Binanın altındakı obyektlər və uşaq bağçası isə qanun çərçivəsində, uzun müddətdir fəaliyyət göstərir”.