ABŞ şirkətləri geri çəkildi, 120 nümayəndə heyəti sual altında – Azərbaycan və Ermənistan dəvət alıbmı?
Fransa prezidenti Emmanuel Makronun sentyabrın 9-10-da Parisdə keçirməyə hazırlaşdığı Beynəlxalq Kosmik Sammit hələ başlamamış ciddi diplomatik və təşkilati böhranla üzləşib. Sammitin əsas məqsədi Avropanın kosmik sahədə strateji imkanlarını gücləndirmək və dünyanın aparıcı dövlətlərini, şirkətlərini və elmi qurumlarını bir araya gətirmək olsa da, tədbir ərəfəsində təşkilatçılıqla bağlı sərt tənqidlər və ABŞ-ın aparıcı kosmik şirkətlərinin iştirakdan imtinası Makronu gülünc vəziyyətə salıb.
Musavat.com xəbər verir ki, “Politico” nəşrinin sammitin hazırlığı ilə tanış olan altı mənbəyə istinadən yaydığı məlumatda tədbirin zəif koordinasiya edildiyi, logistikanın xaotik olduğu və sammitin konkret nəticələrinin hələ də aydın olmadığı bildirilir. Hazırlıq prosesində iştirak edən yüksək səviyyəli ekspertlərdən biri tədbiri Makronun təşkil etdiyi sammitlər arasında “ən pis təşkil olunan” tədbir kimi qiymətləndirib. Digər mənbələr isə Avropanın əsas kosmik oyunçuları ilə lazımi koordinasiyanın aparılmadığını və toplantının yekun məqsədinin iştirakçılar üçün tam aydın olmadığını bildiriblər.
Təşkilati problemlərin miqyası o həddə çatıb ki, tədbirə bəzi dəvətlərin hələ son həftədə göndərildiyi, avqustun sonunda Yelisey sarayında keçirilən xüsusi brifinqdən sonra belə bir sıra sualların cavabsız qaldığı bildirilir. Üstəlik, Makronun sammitə rəhbərlik edən müşavirinin tədbirə cəmi bir ay qalmış vəzifəsindən ayrılması da hazırlıq prosesinə əlavə suallar yaradıb.
Makrona əsas zərbə isə ABŞ-dan gəlib. Ağ Evin Elm və Texnologiya Siyasəti Ofisinin ABŞ-ın bir sıra kosmik şirkətləri ilə keçirdiyi telefon danışığından sonra şirkətlərə Paris sammitində iştirak etməyin Vaşinqtonun razılaşmadığı Avropa siyasətinə dəstək kimi qiymətləndirilə biləcəyi bildirilib. Rəsmi qadağa qoyulmasa da, şirkətlərə tədbirdə iştirakın onların maraqlarına uyğun olmaya biləcəyi barədə ciddi mesaj verilib.
Nəticədə dünyanın ən böyük özəl kosmik şirkətlərindən olan “SpaceX” və “Blue Origin” sammitdə iştirakdan imtina edib. Onlarla yanaşı ABŞ-ın “Stoke Space” və “Starcloud” şirkətləri də Parisə gəlməyəcəklərini açıqlayıb. Fransa hökuməti bu imtinalarla Ağ Evin şirkətlərə təzyiqi arasında əlaqə yaratmağın çətin olmadığını bildirib.
Beləliklə, Makronun Avropanın kosmik müstəqilliyini nümayiş etdirmək üçün hazırladığı tədbir başlamamış ABŞ-la transatlantik qarşıdurmanın səhnəsinə çevrilib. Daha ironik məqam isə odur ki, həmin şirkətlərin bəzilərinin bir həftə sonra yenidən Parisdə keçiriləcək başqa kosmik biznes tədbirində iştirak etməsi gözlənilir. Yəni söhbət Fransaya və ya Parisə ümumi boykotdan deyil, məhz Makronun sammitinə siyasi etirazdan gedir.
Vaşinqtonun narazılığının arxasında isə daha ciddi səbəblər dayanır. ABŞ tərəfi hesab edir ki, Paris toplantısı adi kosmik sənaye konfransı deyil və burada radiofrekans spektrinin bölüşdürülməsi, Avropanın kosmik sənayedə rəqabət qabiliyyətinin artırılması və ABŞ şirkətlərinin maraqlarına toxuna biləcək digər məsələlər üzrə mövqelər formalaşdırıla bilər. Xüsusilə Avropa İttifaqının kosmik siyasəti və peyk rabitəsi sahəsində Avropanın öz imkanlarını genişləndirmək cəhdləri Vaşinqtonda narahatlıq yaradıb.
Fransa isə geri çəkilmir. Yelisey sarayından bildirilib ki, hansısa ölkə və ya şirkətin iştirakdan imtina etməsi müəyyən mənada onların öz itkisidir. Fransa tərəfi ABŞ şirkətlərinin hamısının sammiti boykot etmədiyini vurğulayır. Məsələn, Amazon-un peyk biznesi Amazon Leo tədbirdə vitse-prezident səviyyəsində təmsil olunacaq.
Bütün bu qalmaqala baxmayaraq, Paris sammitinin miqyası kifayət qədər böyükdür. Təşkilatçıların məlumatına görə, tədbirə dünyanın təxminən 120 ölkəsindən nümayəndə heyətləri dəvət olunub. Burada dövlət və hökumət başçıları ilə yanaşı, şirkətlər, startaplar, alimlər və kosmik sənayenin digər nümayəndələri iştirak edəcək. Sammitdə Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin çıxış etməsi nəzərdə tutulur.
Məlumata görə, Rusiya, İran və Şimali Koreya Parisə dəvət olunmayıb. Çin isə dəvət edilən və iştirakı xüsusi əhəmiyyət daşıyan ölkələrdən biridir.Bu mənzərədə Cənubi Qafqaz ölkələrinin vəziyyəti də xüsusi maraq doğurur. Üç ölkə arasında Gürcüstanın dəvəti artıq rəsmən təsdiqlənib. Fransa Prezidenti Emmanuel Makron Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə sentyabrın 9-10-da Parisdə keçiriləcək sammitdə iştirak üçün rəsmi dəvət göndərib. Gürcüstan hökumətinin administrasiyası bu məlumatı avqustun 20-də açıqlayıb. Fransa və Almaniyanın həmsədrliyi ilə keçiriləcək tədbirdə elm, tədqiqat, təhlükəsizlik və müdafiə məsələlərinin müzakirəsi nəzərdə tutulur. Hazırda açıq rəsmi mənbələrdə Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətinin Paris sammitində iştirakına dair təsdiqlənmiş məlumat yoxdur. Ermənistanla bağlı vəziyyət də eynidir. Baş nazir Nikol Paşinyanın və ya Ermənistanın yüksək səviyyəli nümayəndəsinin sammitdə iştirakına dair məlumat açıqlanmayıb.
Musavat.com

