Ermənistanda iyunun 17-dən 25-dək Ermənistan, ABŞ, Fransa və Yunanıstan hərbçilərinin “Eagle Partner-2026” birgə təlimləri keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məşqlərdə Ermənistan ordusunun sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı Quru Qoşunlarının, həmçinin Kanzas ştatının Milli Qvardiyasının, Fransa Silahlı Qüvvələrinin və Yunanıstan Silahlı Qüvvələrinin hərbi qulluqçuları iştirak edəcəklər. TASS-ın məlumatına görə, təlimlərə Ermənistan tərəfindən 250 nəfər cəlb olunub.
Qeyd olunub ki, bu tərkibdə təlimlər hələ heç vaxt keçirilməyib. ABŞ və Ermənistan ilk dəfə “Eagle Partner” təlimlərini Ermənistan ərazisində 2023-cü ilin sentyabrında keçiriblər. Sonuncu dəfə isə bu təlimlər 2025-ci ilin avqustunda baş tutub.


