“Atropatena dövləti e.ə. VII əsrdə yaranıb, Albaniya isə sonradan Atropatena ərazisindən ayrılaraq müstəqilliyini elan edib. Albaniyanın e.ə. IV əsrdə dövlət kimi yarandığını təsdiqləyən heç bir mənbə yoxdur”.
Bunu “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminarda tarix elmləri doktoru Həsən Həsənov deyib.
H.Həsənov qeyd edib ki, Roma tarixçisi Kassi Dionun məlumatına əsasən, e.ə. 66-cı ildə Roma sərkərdəsi Pompey Albaniyaya gəldikdə ölkədə çarın başçılıq etdiyi qoşun olub.
O vurğulayıb ki, e.ə. VII əsrdən e.ə. I əsrə qədər alban torpaqları Atropatena dövlətinin tərkibində olub:
“Albaniya Atropatenanın törəməsidir. Albaniya göydən düşmə dövlət deyil”.
Tarixçi alban tayfalarının türk xalqları arasında mövcud olduğunu da bildirib:
“Türk xalqları yeganə xalqlardır ki, onların tərkibində qədim dövrdən bu günə qədər alban adlı tayfalar var”.
O qeyd edib ki, hazırda Çin və Qazaxıstanda “alban” adını daşıyan türk tayfaları yaşayır.
H.Həsənov sovet dövründə Azərbaycan tarixinin yazılması ilə bağlı yanaşmalardan da danışıb. Onun sözlərinə görə, 1924-cü ildə türkşünas alim Bartold XII əsrə qədər müasir Azərbaycan ərazisində türkəsilli əhalinin olmadığını və burada farsların yaşadığını irəli sürüb.
Tarixçi bildirib ki, 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının nəşr etdiyi Azərbaycan tarixi kitabında da XII əsrə qədər ölkə əhalisinin farsdilli olduğu qeyd edilib.
O, Ermənistan tarixşünaslığında Qafqaz Albaniyasına münasibətin 1984-cü ildə dəyişdiyini də bildirib:
“1984-cü ildə Ermənistan Elmlər Akademiyası Musa Kalankatlının əsərini yenidən nəşr etdi və bununla tamamilə yeni konsepsiya verdi. Yeni konsepsiya da ondan ibarət idi ki, nə Albaniya adlı dövlət olub, nə də alban adlı xalq. Bu, sadəcə Böyük Ermənistanın bir əyalətidir. Müzakirələr də o dövrdən başladı”.
H.Həsənov bildirib ki, Azərbaycan 1988-ci ildən başlayan proseslər zamanı informasiya müharibəsinə hazır olmayıb. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanın milli maraqlarını müdafiə edən kifayət qədər elmi sənədlər və tədqiqatlar mövcud deyildi.
\\oxu.az

