Vüqar Bayramov: “Gənclərin xaricdə təhsil alması onların ölkəyə qayıdaraq fəaliyyət göstərməsi ilə nəticələnməlidir”backend

Vüqar Bayramov: “Gənclərin xaricdə təhsil alması onların ölkəyə qayıdaraq fəaliyyət göstərməsi ilə nəticələnməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın insan kapitalının inkişafı və yüksək ixtisaslı gənclərin ölkə daxilində fəaliyyət imkanlarının genişləndirilməsi son illərdə diqqət mərkəzində olan məsələlərdəndir. Xaricdə təhsil imkanlarının artması azərbaycanlı gənclərin dünya təhsil məkanına çıxışını genişləndirsə də, əldə olunan bilik və təcrübənin ölkənin inkişafına yönəldilməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, gənclərin xaricdə qazandıqları peşəkar bacarıqları Azərbaycanda tətbiq edə bilmələri üçün müasir əmək bazarının formalaşdırılması və yeni karyera imkanlarının yaradılması xüsusi önəm kəsb edir.

Milli Məclisin deputatı Vüqar Bayramov Editor.az-a açıqlamasında bildirib ki, xaricdə təhsil proqramının genişlənməsi və xüsusən də dünyanın aparıcı universitetlərində təhsilin proqram çərçivəsində maliyyələşdirilməsi daha çox gəncin xaricdə təhsil almasını stimullaşdırır:

“Ümumiyyətlə, dünyanın hər bir yerində, inkişaf etmiş ölkələrdə təhsil almaq istəyənlərin sayı çox olur. Etiraf etmək lazımdır ki, xüsusən də ilk 500-lüyə daxil olan universitetlərdə təhsilin səviyyəsi kifayət qədər yüksək və keyfiyyətli hesab olunur. Bu da, sözsüz ki, gənclərimizin xaricdə təhsil almasını stimullaşdırır.

Xaricdə təhsil proqramı çərçivəsində təhsil alan gənclərimiz əslində proqramı başa vurduqdan sonra ölkəyə qayıdaraq Azərbaycanda işləməlidirlər. Çünki onların təhsili dövlət büdcəsi, xüsusən də Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir. Amma xaricdə işləmək istəyənlərin də, sözsüz ki, müəyyən bir hissəsi var. Bu baxımdan əsas məqsəd və daha məqbul hesab edilən yanaşma ixtisaslı kadrların Azərbaycanda qalması və burada fəaliyyət göstərməsidir.

Xüsusən nəzərə alsaq ki, dövlət sektoru ilə yanaşı, özəl sektorda da bu imkanlar genişlənir. Amma sözsüz ki, Qərb ölkələrinin əmək bazarına baxsaq, orada əməkhaqqının daha yüksək olduğunu görərik. Bu da ixtisaslı kadrların bir qisminin xaricə getməsinə səbəb olur və onları buna təşviq edir.

Amma Azərbaycan iqtisadiyyatında innovativ ekosistem genişləndikcə, ixtisaslı kadrların işlə təmin olunması imkanları artdıqca, biz təbii ki, gənclərimizin, xüsusən ixtisaslı gənclərimizin daha çox ölkə daxilində işlə təmin olunmasını müşahidə edəcəyik.

Artıq həm süni intellekt, həm də innovativ ekosistemin qurulması ilə bağlı işlər sürətlə aparılır. Bu da, sözsüz ki, gələcəkdə gənclərimizin işlə təmin olunmasına pozitiv təsir göstərəcək”.

//Gülnarə Abasova, Editor.az