“Arzum” yenidən həbs oluna bilərbackend

“Arzum” yenidən həbs oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Arzum 9999” ləqəbli bloger İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. Məhkəmə təqsirləndirilən şəxsin 4 azyaşlı övladının olmasını, onlardan birinin ağır autizmdən əziyyət çəkməsini nəzərə alaraq həbs qətimkan tədbirini dəyişib. Qərara əsasən, İ.Hacıyevaya ev dustaqlığı müddətində sosial şəbəkələrdən istifadə qadağan olunub. O, yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək.

Bəs ev dustaqlığında sosial şəbəkələrə qadağa necə tətbiq olunur və bunun icrasına kim nəzarət edir? Təqsirləndirilən şəxs hansı konkret məhdudiyyətlərlə üzləşir?

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı “Bakupost”a danışan vəkil Vamiq Şükürov bildirib ki, bu məsələlər Cinayət-Prosessual Məcəllənin 163-cü maddəsi ilə tənzimlənir. Onun sözlərinə görə, ev dustaqlığı həbsə alternativ qətimkan tədbiridir və şəxsin cəmiyyətdən tam təcrid olunmadan azadlığına müəyyən məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur:

“Məhkəmə tərəfindən tətbiq olunan əsas vəzifələr bunlardır: yaşayış yerini tam və ya günün müəyyən saatlarında tərk etməmək, elektron nəzarət vasitəsi (bilərzik) daşımaq və onu işlək saxlamaq, məhkəmənin göstərdiyi ərazi hüdudlarından kənara çıxmamaq, məhkəmənin icazəsi olmadan yaşayış yerini dəyişməmək”.

Onun sözlərinə görə, məhkəmə əlavə məhdudiyyətlər də tətbiq edə bilər:

“Bura kütləvi tədbirlər təşkil etməmək və ya onlarda iştirak etməmək, müəyyən yerlərə getməmək, müəyyən şəxslərlə ünsiyyət saxlamamaq, zərurət olarsa, müalicə kursu keçmək kimi tələblər daxildir. Sosial şəbəkələrdən istifadə qadağası ayrıca vəzifə deyil.Qanunvericilikdə 163.3-1.5-ci maddədə açıq siyahı qoyulub – “təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən qismən təcrid olunmasını təmin edən digər vəzifələr”. Sosial şəbəkə qadağası məhz bu bənddən çıxır. Qismən də 163.3-1.4-dən, yəni müəyyən şəxslərlə ünsiyyət qadağasından. Ona görə də konkret həcmi – nəyin qadağan olunduğu, hansı istisnaların saxlandığı bilavasitə məhkəmə qərarında yazılır. Bu halda görürük ki, telefon əlaqəsi yalnız ailə ilə saxlanılır”.

V.Şükürov vurğulayıb ki, ev dustaqlığında olan şəxsin qaydalara riayət etməsinə daxili işlər orqanları nəzarət edir:

“Vəzifələrə əməl olunmadığına dair əsaslı şübhə yaranarsa, prokurorun qərarı ilə əməkdaş yaşayış yerinə daxil olub yerində yoxlama apara bilər”.

Vəkil əlavə edib ki, Cinayət-Prosessual Məcəllənin 163.9-cu maddəsinə əsasən, ev dustaqlığının şərtləri pozularsa şəxs barəsində yenidən həbs qətimkan tədbiri seçilir:

“Şərtləri pozan şəxsin tutulması barədə qərar çıxarılır və məhkəməyə həbs təqdimatı göndərilir. Tutulma 48 saatdan artıq davam edə bilməz. Belə ki, həmin maddəyə əsasən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs həmin qətimkan tədbirinin şərtlərini pozduğu və bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda onun barəsində həbs qətimkan tədbiri seçilir”.