Azərbaycanda biznes: Məmurlar yoxsa sahibkarlar QAZANIR?backend

Azərbaycanda biznes: Məmurlar yoxsa sahibkarlar QAZANIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

Prezident İlham Əliyevin  bir neçə gün öncə imzaladığı sərəncamla sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması yenidən uzadıldı. 25 aprel- Sahibkarlar Günü ərəfəsində belə bir sərəncamın verilməsi ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, son illər qeyri-neft sektorunun inkişafı, yerli istehsalın  artırılması, ixracın təşviq edilməsi, sosial sahibkarlığın gücləndirilməsi istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Lakin Azərbaycanda özəl sektorun problemlərinin tamamilə aradan qaldırıldığını da söyləmək mümkün deyil. Prezident İlham Əliyevin bununla bağlı məmurlara xəbərdarlığı da bu xüsusda təsadüfi sayıla bilməz.

Editor.az məsələyə Milli Məclisin deputatı Azər Badamovun və keçmiş deputat, iqtisadçı alim Nazim Bəydəmirlinin münasibətini  öyrənib.

Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, ölkəmizdə azad sahibkarlıq mühitinin inkişafı istiqamətində geniş addımlar atılır və sahibkarlıq fəaliyyəti göstərmək istəyən şəxslər üçün geniş imkanlar yaradır.  Bu məqsədlə indiyə qədər qanunvericilikdə müəyyən dəyişikliklər edilib:

“Bu gün artıq sahibkarlıq subyektlərinin qeydiyyatdan keçməsi və fəaliyyətin həyata keçirilməsi üçün heç bir maneə yoxdur. “Pəncərə üsulu” vasitəsilə qısa bir zaman içərisində şəxs öz sahibkarlıq hüququnu qeydiyyatdan keçirmək imkanına malikdir. Eyni zamanda, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı şəffaf addımlar atılır və bununla bağlı Vergi Məcəlləsində edilmiş 200-dən çox dəyişikliyi qeyd etmək olar. Bu gün artıq sahibkarlıqla məşğul olan vergi ödəyiciləri  sərbəst və azad şəkildə əldə etdikləri gəlirlərin müqabilində dövlətə vergi ödəyirlər. Sahibkarlıq subyektləri ölkə başçısının tapşırığı ilə qanunvericilikdə edilən dəyişikliklərə görə əsassız yoxlamalardan azad olmuşdur. Bir neçə ildir ki, sahibkarlıq subyektlərinin fəaliyyəti əsassız yoxlamalardan azad olunaraq sərbəst şəkildə onların fəaliyyət göstərməsi üçün şərait yaradılıb. Bu gün sahibkarlıq subyektləri arasında aparılan sorğular zamanı da sahibkarların özləri qeyd edirlər ki,  bu gün vergi sistemi çox şəffaf şəkildə öz fəaliyyətini qurub və onlar könüllü şəkildə dövlətə vergi ödəməkdən qürur duyurlar. Gömrük xidmətində idxal- ixrac məsələləri ilə məşğul sahibkarlıq subyektləri üçün qabaqcadan bəyan etmə sistemləri fəaliyyət göstərir”.

Millət vəkili həmçinin aqrar sahədə fəaliyyət göstərən sahibkarlar üçün yaradılan imkanlardan da danışıb:

” Kənd təsərrüfatı sahəsi torpaq vergisindən başqa bütün digər vergilərdən azad olunub. Bu da bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün digər vergilərdən azad olunaraq daha çox gəlir əldə etməklə öz fəaliyyətlərini qurmağa imkan yaradır. Bununla yanaşı, aqrar sahədə fəaliyyət göstərən sahibkarlara dövlət tərəfindən dəstək mexanizmi yaradılıb. Burada həm güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkar üçün aldıqları texnikaların 40 faizi dövlət tərəfindən subsidiyalaşdırılması, əlavə subsidiyaların verilməsi nəzərdə tutulub. Bütün bunlar aqrar sahənin inkişafında mühüm rol oynayan sahibkarlara dövlət dəstəyinin bariz göstəricisidir. Ölkəmizdə 6 sənaye parkı yaradılıb, sənaye məhəllələri formalaşdırıb. Bu sənaye parklarında fəaliyyət göstərən sahibkarlar üçün bütün infrastruktur dövlət tərəfindən təmin edilib və onlar üçün güzəştli şərtlərlə öz investisiyalarını yatırmaq imkanları verilib.  Eyni zamanda, ixracın təşviqi proqramı çərçivəsində bu gün sahibkarlardan ixrac etdiyi malların ixrac dəyərinin müəyyən bir faizini geri alınır və bu da sahibkarlara daha çox ixrac yönümlü məhsullarının istehsal edilməsinə stimul yaradır. Bu gün bütün sahələrdə  azad sahibkarlığın inkişafı üçün kifayət qədər dövlət dəstəyi var. Sahibkar bu dəstəkdən kifayət qədər yararlanaraq öz fəaliyyətlərini qururlar və inkişaf etdirirlər”.

Nazim Bəydəmirli Editor.az-a açıqlamasında bildirib ki, bazar iqtisadiyyatı ölkələri bazar iqtisadiyyatının kriteriyalarına cavab verən sahibkarlıq mühiti formalaşdırmalıdır:

“Məlumdur ki, keçən əsrin 30-cu illərdə ABŞ İqtisadiyyat Nazirliyi  bazar iqtisadiyyatına cavab verən kriteriyaları müəyyənləşdirib. Həmin kriteriyalara görə, valyutalar sərbəst konvertasiya olunursa,  işçilər və şirkət rəhbərləri arasında danışıqlar yolu ilə əmək haqqı müəyyən edilməsinə şərait yaradılırsa, hər bir bazar iştirakçısının xarici invesiyalara çıxışı mümkündürsə, eyni zamanda istehsal vasitələrinə dövlət nəzarəti payı aşağıdırsa bazar iqtisadiyyatı o zaman təşəkkül tapmış olur. Bu kriteriyalar hələ təqribən 100 il bundan əvvəl müəyyən olunsa da bunlara cavab verməyən ölkələrdə bazar iqtisadiyyatı, tam liberal  dəyərlərin oturuşması haqqında fikir yürütmək çətindir. Azərbaycanda isə valyuta bazarı, korbohidrogen  ehtiyatlarının bölgüsü, qiymətlərə təsir mexanizmi də inzibati yollarla müəyyən olunur. Çünki kommunal xidmətləri verən dövlət şirkətləri bu və ya digər formada özlərinə tarif müəyyən  edirlər, bu da bazar iqtisadiyyatında ən vacib amillərdən olan rəqabət mühitinin formalaşmasına mane olur”.

İqtisadçı alim iddia edir ki, Azərbaycanda hökumət bazar iqtisadiyyatını sıxışdıraraq özü iqtisadi fəaliyyətlə məşğul olur:

“1992-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası “Antiinhisar fəaliyyəti haqqında” qanuna görə, dövlət özü özəl sektora icazə verdiyi sahələrdə hər hansı bir təsərrüfat subyekti yarada bilməz. Ancaq bunun tam əksi olaraq Azərbaycanda son illərdə, əsasən də 2014-cü ildən bu yana bazar iqtisadiyyatı ilə daban-dabana zidd olan müxtəlif nazirliklər yanında “MMC”, “ASC” yaradılır və onlar məhz iqtisadi fəaliyyətlə məşğul olur. Bu da bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Liberal bazar dəyərlərinin əsas vacib elementi rəqabət mühitinin olmasıdır. Azərbaycan iqtisadiyyatında isə rəqabət yoxdur, bu açıq-aşkar görünür. Çünki qiymətlər bazarda tələb-təklif üzərində formalaşmayıb, bazarda payı yüksək olan şirkətlər əsas qiymətləri müəyyən edir. Azərbaycanda “anti-monopoliya” siyasəti işləmir. Belə ki,  rəqabət mühiti məmur sahibkarlığının mövcudluğu,  inhisarçılıqla məhdudlaşdırılır. Ən başlıcası dövlət strukturlarında çalışanlar, yüksək vəzifəli məmurlar birbaşa biznes fəaliyyəti ilə məşğul olurlar. Bununla da rəqabət mühiti formalaşdıra biləcək sahibkarları inzibati yollarla bazardan sıxışdırıb çıxarırlar. Liberal iqtisadiyyatın inkişafı üçün vacib olan bu amillər hələ Azərbaycanda təşəkkül tapmayıb. Azad sahibkarlığın inkişafı üçün rəqabət mühitini təmin etmək, məmurları biznesdən kənarlaşdırmaq, əmlak və gəlir deklorasiyasının tətbiqi, yüksək çinli məmurların bir-birinin tabeçiliyində qohumbazlıq siyasəti ilə işləməsini qadağan etmək, antikorrupsiya qanunvericiliyinin tam işlək vəziyyətə gətirmək, hökumətin müxtəlif tarifləri qaldıraraq bazar iqtisadiyyatını məhdudlaşdırmasına qarşı çıxmaq lazımdır. Hökumət  ancaq elan etdiyi iqtisadi siyasəti müşahidə etməli, bazar  iştirakçıları isə tam azad şəkildə qeyd etdiyimiz şərtlərlə işləməlidir. Belə olmadıqda bazar iqtisadiyyatından, azad sahibkarlıqdan söhbət açmaq doğru deyil. Bunlar aradan qalxmasa, vətəndaşlarımız hər zaman qiymət bahalığından narazı olacaq, insanların daha çox gəlir əldə etməsinə şərait yaradılmayacaq, vergi bazası artmayacaq, hökumət resurs bölgüsündə ədalətli davranmayacaq”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.