ABŞ dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Azərbaycandadır. İyunun 3-dək davam edəcək səfərdə əsas məqsəd iqtisadi, enerji və biznes sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsidir.
Qeyd edək ki, ziyarət Tramp administrasiyasının Cənubi Qafqaza maraqlarının artması ilə birbaşa bağlıdır. ABŞ-nin dövlət katibi Marko Rubionun mayın 27-də Ermənistana səfərindən dərhal sonra öz köməkçisini Azərbaycana göndərməsi regionun geosiyasi və geoiqtisadi potensialının Vaşinqton üçün strateji əhəmiyyət kəsb etməsindən xəbər verir. Xüsusilə də Azərbaycanla Ermənistan arasında formalaşan sülh mühiti və sabitlik çoxşaxəli enerji layihələrinin, nəqliyyat-ticarət marşrutlarının yaradılması üçün yeni imkanlar açıb. Bu da öz növbəsində, bölgəni xarici investorlar üçün cəlbedici edir.
Kaleb Orrun Bakıya səfəri ABŞ-nin Azərbaycan üzərindən regional enerji, logistika, müxtəlif sahələr üzrə infrastrukturun qurulması və ticarət əməliyyatlarının həyata keçirilməsində maraqlı olduğunu göstərir. Yeri gəlmişkən, ABŞ lideri Donald Tramp “Bakı Enerji Həftəsi”nə məktubunda Bakı ilə İrəvan arasında iyunda sülh danışıqlarının davamını səbirsizliklə gözlədiyini vurğulayıb. Görünür ki, Ağ Ev lideri 7 iyundan sonranı nəzərdə tutub.
Bəs seçkilərdən sonra Bakı-İrəvan danışıqlarında hansı irəliləyiş ola bilər? Seçkinin nəticələri bu prosesə təsir göstərəcək?
Milli Məclisin deputatı Elman Nəsirov Musavat.com-a bildirib ki, Ermənistanda seçki marafonu finişə yaxınlaşıb və bazar günü Ermənistanda hakimiyyətin taleyi məlum olacaq. Sorğu nəticələrinə görə, Paşinyanın rəhbərlik etdiyi partiyanın reytinqi kifayət qədər yüksəkdir:
“Bu isə o deməkdir ki, Nikol Paşinyanın hakimiyyətdə qalması ehtimalı kifayət qədərdir. Erməni xalqı sülhə verəcək. Çünki erməni xalqı 2021-ci ildə Ermənistanın hərbi məğlubiyyətinə imza atdığını görə-görə Paşinyana səs vermişdi. Bu əslində sülhə səs vermək idi. Ona görə erməni xalqı artıq dərk edir ki, müharibə Ermənistanın sonu ola bilər. Artıq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasından da vacib olan bir proses getməkdədir. Bu, sülh ilə bağlı praktiki addımların atılmasıdır.
İki dövlət və iki xalq arasında etimad mühiti formalaşmaqdadır. Bu istiqamətdə addımlar atılır. Hər iki dövlət sülhə hazır olduğunu nümayiş etdirir. Paşinyanın qalib seçkidə qalib gəlməsindən sonra Ermənistanda referendum keçirilməsi, Azərbaycana qarşı ərazi iddialarının Ermənistan konstitusiyasından çıxarılması gözlənilir. Bundan sonra isə ikitərəfli münasibətlərdə yeni mərhələ açıla bilər. Yəni bunun ardınca sülh müqaviləsinin imzalanmasına maneə qalmır. İstisna deyil ki, sülh müqaviləsi ABŞ paytaxtında imzalansın. Sadəcə bunun konkret ayını demək çətindir. Ancaq bu, 2026-cı il ərzndə baş verəcək”.


