Bişkek Azərbaycan–Ermənistan münasibətlərinin tarixində artıq ikinci dəfə xüsusi siyasi məna qazanır. 1994-cü ildə məhz Bişkek Protokolu ilə Azərbaycan və Ermənistan arasında atəşkəsin əldə olunmasına yol açılmışdı. O zaman Azərbaycan müharibənin ağır nəticələri və ərazilərinin işğalı ilə üz-üzə qalan tərəf kimi atəşkəs axtarırdı. 32 il sonra isə eyni şəhərdə tamamilə fərqli siyasi reallığın şahidi oluruq: Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, regionda yeni reallıq formalaşdırmış qalib ölkə kimi sülh gündəliyinin əsas aktorlarından birinə çevrilib.
Bu mənada, 1994-cü ilin Bişkeki ilə 2026-cı ilin Bişkekini müqayisə etmək sadəcə tarixi paralel aparmaq deyil. Əgər o zaman əsas məsələ müharibəni dayandırmaq idisə, bu gün əsas məsələ müharibədən sonrakı sülhün və yeni regional əməkdaşlıq sisteminin qurulmasıdır. Bişkekin siyasi mənası dəyişdiyi kimi, Azərbaycanın regional mövqeyi də köklü şəkildə dəyişib.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən görüşü bu baxımdan Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması istiqamətində davam edən diplomatik prosesin növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Görüşün Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində baş tutması isə bu məsələnin regional və beynəlxalq gündəmdəki əhəmiyyətini bir daha göstərir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması artıq yalnız ikitərəfli münasibətlər məsələsi deyil, Cənubi Qafqazda uzunmüddətli sabitlik, təhlükəsizlik və iqtisadi əməkdaşlıq baxımından da mühüm mövzuya çevrilib.
Görüşdən sonra yayılan bəyanatın diqqətçəkən tərəflərindən biri tərəflərin münasibətlərin gələcək inkişafına dair daha praktiki məsələləri müzakirə etməsidir. Burada sərhədlərin delimitasiyası, iqtisadi və enerji əməkdaşlığı, tranzit imkanları, beynəlxalq layihələr və insanlar arasında əlaqələrin genişləndirilməsi kimi məsələlərin ön plana çıxması təsadüfi deyil.
Əslində, prosesin əsas mahiyyəti dəyişir. Bir müddət əvvəl Azərbaycan–Ermənistan gündəliyinin mərkəzində “müharibədən necə çıxmaq” və “sülh sazişini necə imzalamaq” sualları dayanırdısa, indi əsas sual getdikcə “sülhdən sonra regionu necə qurmaq” məsələsinə çevrilir.
Bu, prinsipial dəyişiklikdir.
Bəyanatda Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər məhsulların Azərbaycan ərazisindən tranziti, iki ölkə arasında ticarət əlaqələrinin yaradılması kimi məsələlərin qeyd olunması göstərir ki, siyasi normallaşma artıq iqtisadi məzmun qazanmağa başlayır.
Məncə, burada ən mühüm məqam iqtisadi qarşılıqlı əlaqələrin gələcəkdə siyasi sabitliyin dayaqlarından birinə çevrilməsi perspektividir. Çünki yalnız siyasi sənədin imzalanması davamlı sülh üçün kifayət etmir. Tərəflərin iqtisadi və praktiki maraqlarının bir-birinə bağlanması qarşıdurmanın bərpasını daha çətin və daha baha başa gələn seçimə çevirə bilər.
Sərhəd məsələsində də mühüm məqam var
Bəyanatda delimitasiya üzrə dövlət komissiyalarının fəaliyyətinin davam etdirilməsinin xüsusi vurğulanması da əhəmiyyətlidir.
Bu proses emosional və siyasi bəyanatlardan fərqli olaraq, praktiki xarakter daşıyır. Sərhədin müəyyənləşdirilməsi iki ölkə arasında uzunmüddətli sabitliyin fundamental şərtlərindən biridir. Mənim fikrimcə, qarşıdakı mərhələdə məhz bu istiqamətdə əldə ediləcək konkret nəticələr sülh prosesinin real irəliləyişinin əsas göstəricilərindən biri olacaq.
Başqa sözlə, artıq tərəflərin verdiyi bəyanatlardan çox, sərhəddə və regionun xəritəsində hansı dəyişikliklərin baş verdiyi daha vacib olacaq.
Vaşinqton razılaşması yeni imkan yaradır
Bişkek görüşünün digər mühüm tərəfi ondan ibarətdir ki, tərəflər 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunmuş razılaşmaların icrasını da gündəmə gətiriblər.
Burada xüsusilə TRIPP layihəsinin və kommunikasiya xətlərinin əhəmiyyətinin vurğulanması diqqət çəkir.
Məncə, regionun gələcəyi baxımından kommunikasiya məsələsi sülh sazişinin özü qədər əhəmiyyətli ola bilər. Azərbaycanı Naxçıvanla, Türkiyəni Azərbaycanla, Ermənistanı isə regional və beynəlxalq nəqliyyat şəbəkələri ilə daha sıx bağlayan marşrutların formalaşması Cənubi Qafqazın geosiyasi və iqtisadi əhəmiyyətini ciddi şəkildə artıra bilər.
Bu baxımdan Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasını yalnız iki dövlət arasındakı münasibətlərin yaxşılaşması kimi görmək düzgün olmaz. Burada daha böyük bir proses – Cənubi Qafqazın yeni nəqliyyat, enerji və iqtisadi xəritəsinin formalaşması gedir.
Ən mühüm nəticə: ritorikadan praktik mərhələyə keçid
Bişkek görüşündən mənim çıxardığım əsas nəticə budur: Azərbaycan və Ermənistan arasında münasibətlərdə siyasi ritorikadan praktiki əməkdaşlığa keçid üçün imkanlar genişlənir.
Bu prosesin qarşısında, əlbəttə, risklər də qalır. Sülh prosesinin davamlılığı yalnız liderlərin görüşlərindən deyil, əldə olunmuş razılaşmaların tam və ardıcıl icrasından asılıdır. Qarşılıqlı etimadın formalaşması da bir görüşlə baş vermir.
Bu baxımdan qarşıdakı mərhələdə Ermənistanın üzərinə düşən öhdəliklər xüsusi əhəmiyyət daşıyır. Əldə edilmiş razılaşmaların yalnız siyasi bəyanat səviyyəsində qalması deyil, onların konkret addımlarla həyata keçirilməsi vacibdir. Xüsusilə delimitasiya prosesinin davam etdirilməsi, kommunikasiyaların açılması ilə bağlı razılaşmaların icrası və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərinin praktiki müstəvidə təmin olunması sülh prosesinin etibarlılığı baxımından mühüm göstəricilər olacaq.
Bir sözlə, Bişkek görüşünün əsas strateji əhəmiyyəti də məhz bundadır: regionda yeni sərhədlərin deyil, yeni əlaqələrin formalaşdırılması mərhələsi başlayır. 1994-cü ildə Bişkek atəşkəsin simvolu idisə, bu gün həmin şəhər Azərbaycan–Ermənistan münasibətlərində sülhün praktik mexanizmlərinin müzakirə edildiyi məkana çevrilir. Bu dəyişiklik həm regionun, həm də Azərbaycanın son 32 ildə keçdiyi tarixi yolun miqyasını göstərir.
Fərid Şahbazlı
Siyasi Şərhçi

