Ermənistan XİN başçısının anti-Azərbaycan kampaniyasının əsas koordinatoru ilə gizli əlaqələri üzə çıxdıbackend

Ermənistan XİN başçısının anti-Azərbaycan kampaniyasının əsas koordinatoru ilə gizli əlaqələri üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun Azərbaycana qarşı apardığı kampaniyanın miqyası artıq ifşa olunub.

Editor.az xəbər verir ki, bu barədə Minval.az saytının materialında deyilir.

Materialda Azərbaycana qarşı siyasi və informasiya təzyiqi şəbəkəsinin fəaliyyəti göstərilib, burada Jozep Borrel, erməniəsilli rusiyalı iş adamları Samvel Karapetyan və Ruben Vardanyanın adları çəkilib.

Bundan başqa, Okampo özü açıq şəkildə etiraf edib ki, Bakıya qarşı süni intellekt və Braziliyadakı superkompüterdən istifadə planlaşdırılır. Yəni söhbət ayrı-ayrı lobbiçilərin xaotik fəaliyyətindən deyil, Azərbaycana qarşı qurulmuş beynəlxalq təzyiq sistemindən gedir.

Lakin əldə olunan yeni materiallar daha narahatedici mənzərə ortaya qoyur. Bu gün yayımlanan videogörüntülərdən aydın olur ki, son aylarda Azərbaycanın Qarabağ bölgəsində sökülən qanunsuz tikililər ətrafında yaradılan isteriyanın arxasında konkret kimlər dayanır. Erməni lobbiçiləri həmin tikililəri “qədim kilsələr” kimi təqdim etməyə çalışırlar. Kadrlardan, həmçinin Ermənistan hökumətinin və Nikol Paşinyanın yaxın çevrəsinin Okampo ilə əlaqə saxladığı və bu kampaniyaya faktiki dəstək verdiyi məlum olur.

Videodan da göründüyü kimi, Okampo bildirir:

“Bu gün Ermənistanda qarışıqlıqdır, çünki Paşinyan iki yepiskopu həbs edib. O, erməni kilsəsi ilə ölüm-dirim savaşı aparır. Erməni papası sayılan katolikosu oğlunun olması ilə ittiham edib və bu doğrudur”.

Naməlum həmsöhbət Okampodan soruşur ki, onun erməni icmasının işlərinə qarışması və ya onu təmsil etməsi problem yaratmırmı?

Okampo cavabında deyir:

“Mənim Paşinyanın özü ilə yox, onun xarici işlər naziri ilə razılaşmam var ki, biz bununla məşğul olacağıq, erməniləri azad edəcəyik və Dağlıq Qarabağı qoruyacağıq. Biz heç vaxt daxili işlərə qarışmayacağıq”.

O əlavə edir ki, Ermənistan tərəfi onlara təşəkkür edib, çünki “xaricdən təzyiq göstərilməsi” onların xeyrinədir və onlar İlham Əliyevlə danışıqlarda aqressiv görünə bilmirlər.

Daha sonra Okampo Ermənistan XİN rəhbəri ilə münasibətləri barədə deyir: “Bəli, Ermənistanın xarici işlər naziri ilə yaxşı münasibətlərim var”.

Məqalədə vurğulanır ki, yayımlanan materiallardan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın anti-Azərbaycan kampaniyasını koordinasiya edən şəxslə əlaqədə olduğu görünür.

Məqalədə iki ehtimal irəli sürülür: ya Ermənistan XİN rəhbəri ölkə rəhbərliyindən gizli şəkildə separatçı və revanşist gündəmi dəstəkləyir, ya da bütün proses Paşinyanın razılığı ilə həyata keçirilən strategiyanın tərkib hissəsidir. Bu strategiya çərçivəsində diaspor strukturları, ödənişli lobbiçilər və Qərb siyasi platformaları vasitəsilə anti-Azərbaycan narrativləri yayılır və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq cəhdləri davam etdirilir.

Nəşr hesab edir ki, Avropa Parlamentinin çoxsaylı qətnamələri və Bakıya qarşı təzyiq kampaniyaları da təsadüfi görünmür. Bütün bu proseslərin arxasında erməni siyasi dairələri ilə sıx əlaqədə fəaliyyət göstərən eyni qüvvələrin dayandığı təəssüratı yaranır.

Məqalədə “qədim kilsələr” mövzusuna da xüsusi diqqət ayrılır. Bildirilir ki, “xristian irsinin dağıdılması” barədə xaricdə, xüsusən də Böyük Britaniyada yayılan kampaniya Okampo və onunla əlaqəli strukturlar tərəfindən koordinasiya olunur. Okampo özü “Londondakı yepiskop”undan danışır və onun “çox əziyyət çəkdiyini” deyir.

Müəllif vurğulayır ki, söhbət işğal dövründə tikilmiş binalardan gedir. Nümunə kimi Laçında azərbaycanlı ailənin dağıdılmış evinin yerində, həmin evin tikinti materiallarından istifadə olunaraq inşa edilmiş kilsə göstərilir. Azərbaycan dəfələrlə bəyan edib ki, belə tikililər heç bir “mədəni toxunulmazlıq” statusuna malik olmayacaq. Əsl qədim xristian abidələri isə qorunur və bərpa edilir.

Məqalədə qeyd olunur ki, Avropanın “xristian irsi” ətrafında isteriya yaradan siyasi dairələri uzun illər işğal altındakı ərazilərdə Azərbaycan mədəni irsinin məhv edilməsinə göz yumublar. İndi isə bunun səbəbləri daha aydın görünür.

Sonda vurğulanır ki, artıq söhbət “insan hüquqları fəaliyyəti” və ya “mədəni irsin qorunması”ndan deyil, Azərbaycana qarşı tammiqyaslı informasiya-siyasi əməliyyatdan gedir. “Minval Politika”nın əvvəlki eksklüziv materiallarında Okampo, Borrel, Karapetyan və Vardanyanın iştirakı ilə aparılan anti-Azərbaycan kampaniyasının miqyası göstərilmişdi, indi isə bu siyahıya Paşinyanın yaxın çevrəsindən daha bir şəxsin – Ararat Mirzoyanın adı əlavə olunur.