Həkim ağrıkəsicilərin qaraciyər, mədə və böyrəklərə zərər vermədən necə qəbul edilməli olduğunu açıqlayıbbackend

Həkim ağrıkəsicilərin qaraciyər, mədə və böyrəklərə zərər vermədən necə qəbul edilməli olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağrıkəsici preparatların nəzarətsiz və uzunmüddətli qəbulu qaraciyər, mədə və böyrəklərdə ciddi fəsadlara səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu dərmanlardan yalnız təlimata və həkim tövsiyəsinə uyğun istifadə edilməlidir.

Editor.az xəbər verir ki, bu barədə terapevt və peşə patologiyası üzrə həkim Svetlana Burnatskaya məlumat verib.

Həkimin sözlərinə görə, qeyri-steroid iltihabəleyhinə preparatlar (ibuprofen, diklofenak, naproksen və s.) iltihabı və ağrını azaldır, parasetamol isə əsasən hərarəti və ağrını aşağı salır. Lakin bu preparatların normadan artıq qəbulu sağlamlıq üçün ciddi risk yaradır.

Burnatskaya bildirib ki, həkim məsləhəti olmadan parasetamol və ya qeyri-steroid iltihabəleyhinə preparatlar üç gündən artıq qəbul edilməməlidir. Birdəfəlik doza 500 mq parasetamol və ya 200–400 mq ibuprofen təşkil edir. Gün ərzində bu dərmanlar maksimum 3–4 dəfə qəbul oluna bilər. Parasetamolun sutkalıq dozası 2000 mq-dan, ibuprofen və digər oxşar preparatların isə 1500–1600 mq-dan çox olmamalıdır.

Mütəxəssisin sözlərinə görə, parasetamolun həddindən artıq qəbulu qaraciyər hüceyrələrinin zədələnməsinə və hətta nekrozuna səbəb ola bilər. İlk əlamətlər arasında ürəkbulanma, dərinin solğunlaşması, sağ qabırğaaltı nahiyədə ağrı, sonrakı mərhələdə isə sarılıq müşahidə olunur.

Qeyri-steroid iltihabəleyhinə preparatların normadan artıq istifadəsi isə mədə xorası, böyrək funksiyasının pozulması və ürək-damar problemləri riskini artırır. Qara rəngli nəcis, ödem və güclü halsızlıq kimi əlamətlər yaranarsa, dərman qəbulu dərhal dayandırılmalı və təcili tibbi yardım çağırılmalıdır.

//Gülnarə Abasova, Editor.az