B12 vitamininin çatışmazlığı yalnız qanazlığına deyil, həm də hüceyrələrin enerji istehsalına mənfi təsir göstərərək qocalma əlamətlərini sürətləndirə bilər.
Editor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Quadram İnstitutunun baş elmi direktoru Martin Uorren məlumat verib. Mütəxəssisin fikirləri The Conversation portalında dərc olunub.
2026-cı ildə alimlərin qaraciyərlə zəngin qidalanmanın ölümcül hesab olunan pernisioz anemiyanın müalicəsində təsirli olduğunu aşkar etməsinin 100 ili tamam olur. Sonradan müəyyən edilib ki, bu təsirin əsas səbəbi məhz B12 vitaminidir. Müasir tədqiqatlar isə göstərir ki, bu vitaminin orqanizmdə çatışmazlığı düşündüyümüzdən daha geniş sağlamlıq problemlərinə yol aça bilər.
Mütəxəssisin sözlərinə görə, insan orqanizminə gündə cəmi təxminən 2 mikroqram B12 vitamini lazımdır. Buna baxmayaraq, onun çatışmazlığı xüsusilə yaşlı insanlarda, vegan və vegeterianlarda, eləcə də qida maddələrinin sorulması pozulan xəstələrdə geniş yayılıb. Yaş artdıqca mədədə B12 vitamininin qidadan ayrılması üçün lazım olan turşunun istehsalı azalır. Bəzi insanlarda isə autoimmun qastrit nəticəsində vitaminin mənimsənilməsi üçün vacib olan daxili faktor zülalını istehsal edən hüceyrələr məhv olur.
Həkim qeyd edib ki, B12 çatışmazlığının əlamətləri tədricən inkişaf etdiyi üçün çox vaxt adi qocalma prosesi ilə səhv salınır. Xroniki yorğunluq, halsızlıq, əl və ayaqlarda keyimə və qarışqa gəzməsi hissi, tarazlığın pozulması, yaddaş zəifləməsi və diqqətin dağılması ən çox rast gəlinən simptomlar sırasındadır.
Əvvəllər bu əlamətlər əsasən qanazlığı ilə əlaqələndirilirdi. Çünki B12 vitamini çatışmadıqda sümük iliyi normal oksigen daşıya bilməyən iri və yetişməmiş eritrositlər istehsal edir. Lakin yeni araşdırmalar problemin bununla məhdudlaşmadığını göstərir.
2026-cı ildə aparılan tədqiqat zamanı müəyyən olunub ki, B12 vitamininin aşağı səviyyəsi hüceyrələrin enerji mərkəzi sayılan mitoxondrilərin DNT-sini zədələyir və enerji istehsalını azaldır. Yaşlı siçanlar üzərində aparılan təcrübələr isə B12 əlavələrinin əzələlərdə mitoxondrilərin quruluşunu və fəaliyyətini yaxşılaşdırdığını göstərib. Alimlər hesab edirlər ki, məhz bu mexanizm B12 çatışmazlığı olan insanlarda qanazlığı yaranmamışdan əvvəl belə yorğunluğun meydana çıxmasını izah edə bilər.
//Gülnarə Abasova, Editor.az

