Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasına mühüm zəmin yaradan Sülh Sammitinin birinci ildönümü, həmçinin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Nikol Paşinyanın Prezident İlham Əliyevə zəng etməsi iki ölkə arasında sülhün formalaşması baxımından mühüm göstəricidir:
“Ermənistanın Baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevə zəng etməsi, iki ölkə arasında sülh sazişi mətninin paraflanmasının ildönümü ilə bağlı telefon danışığının baş tutması Azərbaycan və Ermənistan arasında de-fakto sülhün formalaşdığını göstərir.
Azərbaycan və Ermənistan müstəqillik qazandıqdan sonra uzun illər münaqişə vəziyyətində olublar. Bu baxımdan iki ölkənin liderləri arasında birbaşa telefon danışığının baş tutması mühüm hadisədir.

Məhəmməd Əsədullazadə
Nikol Paşinyanın Prezident İlham Əliyevə zəngi Moskvada qısqanclıq və narahatlıqla qarşılanır. Rusiya iki ölkə arasında sülhün əldə olunmaması üçün 30 il çalışıb. Hətta İkinci Qarabağ müharibəsini başa çatdıran 10 noyabr tarixli Birgə Bəyanatda Rusiyanın iştirakı olmasına baxmayaraq, sonrakı mərhələdə iki ölkə arasında sülhün əldə olunmasına imkan vermirdi.
Artıq iki ölkə arasında münaqişə başa çatıb. Ermənistan rəhbərliyinin qarşısında duran başlıca vəzifə konstitusiya referendumunu keçirərək yekun sülh müqaviləsini imzalamaqdır.
Ermənistan hakimiyyəti konstitusiya referendumuna gedəcək. Bunun üçün hüquqi mexanizmlər mövcuddur. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində Cənubi Qafqazda dayanıqlı sülhün formalaşması üçün real zəmin yaranıb”.

