Azərbaycanda fəaliyyət göstərən və süni şəkildə yaradılan açıq və qapalı üzgüçülük hovuzları funksional təyinatına uyğun olaraq quruluşu, suyun istifadəyə hazırlanması, istilik sistemi, havalandırma və işıqlandırma ilə bağlı texniki göstəricilər baxımından ölkə ərazisində qüvvədə olan “İctimai bina və qurğular” barədə tikinti norma və qaydalarının tələblərinə cavab verməlidir.
Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, üzgüçülük hovuzları kollektiv istifadə məkanları olduğundan burada yoluxucu xəstəliklərin profilaktikasına yönəlmiş sanitariya-gigiyena tədbirlərinin həyata keçirilməsi vacibdir. Bu sahədə tələblər qüvvədə olan “Üzgüçülük hovuzlarının istismarı zamanı sanitariya rejimi, suyun zərərsizləşdirilməsi və yardımçı sahələrin dezinfeksiyasına dair” 1229-75 nömrəli tövsiyələr ilə tənzimlənir.
Həmin sənədə əsasən, hovuz istifadəçiləri müəssisənin tibb işçisi tərəfindən vizual müayinədən keçirilə bilər və göbələk infeksiyalarının klinik əlamətləri aşkar edildiyi halda onların hovuzdan istifadəsinə icazə verilmir.
Sağlamlıq arayışına gəlincə, qüvvədə olan normativ sənədlərdə bütün hovuz istifadəçiləri üçün ümumi qaydada sağlamlıq arayışının təqdim edilməsi barədə tələb nəzərdə tutulmayıb. Bununla belə, hovuzun daxili qaydalarına uyğun olaraq əlavə tələblər müəyyən edilə bilər. AZƏRTAC


