Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanan Birgə Kommünike iqtisadiyyat, enerji, nəqliyyat və kommunikasiya sahələrində yeni mərhələnin başlanğıcıdır. Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, hər iki ölkə regionu Avropa ilə Asiya arasında əsas bağlantı habına çevirmək istiqamətində ortaq siyasi iradə nümayiş etdirir.
Türkiyənin də regional əməkdaşlığın iştirakçısı olduğunu nəzərə alsaq, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq modelinin dünyamiqyaslı layihələrin gerçəkləçdirilməsini təmin etdiyini sübut etməyə ehtiyac yoxdur. Ortada faktlar, həyata keçirilmiş meqa layihələr var. Bu model regionun ən uğurlu çoxtərəfli tərəfdaşlıq nümunələrindən biridir. Üç qonşu dövlət regional təhlükəsizliyi, enerji marşrutlarını, nəqliyyat dəhlizlərini və iqtisadi inteqrasiyanı birlikdə təmin edir. Bu əməkdaşlıq modeli regionda sabitliyin qorunmasında mühüm rol oynayır. Bu gün dünyada çoxsaylı münaqişələr, enerji böhranları və geosiyasi qarşıdurmalar yaşanır. Belə bir şəraitdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında formalaşan əməkdaşlıq platforması region üçün təhlükəsizlik zəmanətinə çevrilib.

Ekspertlər hesab edir ki, Cənubi Qafqazın üçüncü ölkəsi Ermənistan bu əməkdaşlıq modelindən uzun illərdir yanlış siyasəti nəticəsində özünü kənarda qoyub. Halbuki əməkdaşlıq modelində iştirak Ermənistanın iqtisadi, sosial vəziyyətini indikindən qat-qat yüksək edə bilərdi. Artıq Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, sülh sazişi layihəsi paraflanıb, sülh sazişinin imzalanması həmişəkindən daha real görünür. Eyni zamanda, artıq Azərbaycanla Ermənistan arasında müəyyən ilkin əlaqələr də qurulmağa başlanılıb. Azərbaycandan Ermənistana yanacaq göndərilir. Azərbaycanın sülh naminə atdığı bu addım nəticəsində bu gün Ermənistan daxilində yanacaq qiymətlərinin kəskin artmasının qarşısı alınmış olub, daxili bazarda nisbi sabitlik qorunur. Bu gün Ermənistan daxili bazarda yanacağın qiymətinin sabit olmasına görə Azərbaycana borcludur. Ermənistan hakimiyyəti və cəmiyyəti bu reallıqları düzgün qiymətləndirməlidir. Əgər doğru dəyərləndirə biləcəklərsə, Ermənistan Azərbaycan-Türkiyə-Gürcüstan regional əməkdaşlıq modelinin tərkib hissəsinə, üzvünə çevrilmək imkanı əldə etmiş olar.
Musavat.com


