Yaxın Şərqdə gərginlik ən pik nöqtəyə çatıb və regionda böyük müharibə alovlanmaqdadır.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Küveyt və Bəhreyndə yerləşən hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) vasitəsilə yeni və güclü zərbələr endirdiyini rəsmən bəyan edib. Tehranın yaydığı rəsmi məlumata görə, həyata keçirilən irimiqyaslı hava hücumu nəticəsində Amerikanın Küveytdəki hərbi obyektlərində quraşdırılmış “Patriot” Hava Hücumundan Müdafiə (HHM) sistemləri, silah-sursat anbarları və radiolokasiya stansiyaları hədəf alınıb. Eyni zamanda ABŞ-ın Bəhreyndəki hərbi bazasında yerləşən rabitə sistemləri və radiolokasiya mərkəzi də zərbələrə məruz qalıb. SEPAH bəyanatında qeyd edib ki, bu hücumlar ABŞ ordusunun İranın cənubundakı obyektlərə qarşı davam edən hərbi əməliyyatlarına və aqressiv addımlarına verilən qətiyyətli cavabdır.
İran tərəfi bəyanatın sonunda ABŞ-a və onun regiondakı müttəfiqlərinə çox kəskin və qəti xəbərdarlıq da ünvanlayıb. Rəsmi Tehran bəyan edib ki, əgər Amerika tərəfindən İrana qarşı yeni hərbi zərbələr endirilərsə, bunun ardınca Vaşinqtonu qat-qat “daha amansız və sərt cavab” gözləyəcək. İran rəhbərliyi Yaxın Şərqdə vəziyyətin bundan sonra da pisləşəcəyi və eskalasiyanın böyüyəcəyi təqdirdə bütün məsuliyyətin birbaşa olaraq ABŞ və İsrailin üzərinə düşəcəyini qəti şəkildə diqqətə çatdırıb.
Musavat.com

