Azərbaycan Hava Yolları (AZAL) kimi strateji əhəmiyyətli bir qurumun fəaliyyəti, ölkəmizin nəqliyyat sisteminin aynası olmaqla yanaşı, həm də vətəndaşların dövlətə olan inamının birbaşa göstəricisidir. Təəssüf ki, son dövrlər Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində yaşanan ciddi problemlər, AZAL rəhbəri Samir Rzayevin idarəetmə üslubunun ictimai narazılığın mərkəzinə çevrildiyini təsdiqləyir.
Vətəndaşların ən çox şikayət etdiyi mövzu biletlərin tapılmamasıdır. İnsanlar təyyarə biletlərini onlayn sistemdə görə bilmir, bilet satış məntəqələrində isə “yer yoxdur” cavabı ilə qarşılaşırlar. Lakin reallıq tamamilə fərqli bir mənzərə yaradır: bəzi məlumatlara görə, sərnişinlər üçün ayrılmalı olan yerlər çox vaxt yük daşımalarına və ya fərqli maraqlara qurban verilir.
Vətəndaşın öz ölkəsində bir bölgədən digərinə – xüsusilə də strateji əhəmiyyətli Naxçıvan Muxtar Respublikasına – getmək üçün çəkdiyi bu əziyyət, təsadüfi bir “texniki nasazlıq” kimi qələmə verilə bilməz. Bu, birbaşa idarəetmə məsuliyyətsizliyidir.
Ən acınacaqlı məqamlardan biri isə güzəştli bilet hüququ olan vətəndaşlarımıza qarşı münasibətdir. Qanunvericiliklə müəyyən edilmiş güzəştli bilet hüququ olan şəxslər, müvafiq sənədlərini təqdim etmələrinə baxmayaraq, onlara güzəştli bilet verilməsi əvəzinə, məcburi şəkildə daha baha olan “normal” bilet almağa sövq edilirlər. Bu, sadəcə xidməti çatışmazlıq deyil, birbaşa qanun pozuntusudur. Vətəndaşın qanunla təmin olunmuş hüququnu əlindən almaq, onu maliyyə yükü altına qoymaq, AZAL rəhbərliyinin sosial siyasətə nə qədər etinasız yanaşdığını göstərir.
Biletlərin satışda olmadığını iddia edən AZAL-ın təyyarələrində reallıq tamamilə başqadır. Bir çox sərnişin uçuş zamanı təyyarə salonlarında kifayət qədər boş oturacaqların olduğunu müşahidə edir. Bəs, “bilet yoxdur” deyən sistem, təyyarədə boş yerlər olduğu halda niyə həmin yerləri satışa çıxarmır? Bu, biletlərin süni şəkildə saxlanılması və ya idarəetmədəki xaosun göstəricisidir ki, nəticədə vətəndaş zərər çəkir.
AZAL dövlətin böyük dəstəyi, subsidiyalar və dotasiyalar hesabına fəaliyyət göstərən bir qurumdur. Bu resursların məqsədi xalqın rahatlığını təmin etməkdir. Lakin Samir Rzayevin rəhbərliyi altında baş verənlər tam tərsinə işləyir: dövlətin maliyyəsi ilə ayaqda qalan bir qurum, öz fəaliyyəti ilə xalqı dövlətdən narazı salır. Bilet satışındakı bu “oyunlar”, vətəndaşda belə bir təəssürat yaradır ki, sanki AZAL rəhbərliyi xalqın mənafeyindən daha çox, hansısa qrup maraqlarını üstün tutur.
Cahangir Əsgərovun uzunmüddətli rəhbərliyi dövründə də AZAL-la bağlı tənqidlər səslənsə də, hazırkı vəziyyət bəzi dairələrdə müqayisələr aparılmasına və köhnə rəhbərliyin bəzi aspektlərdə daha çevik olduğu barədə rəylərin yaranmasına səbəb olur. Samir Rzayev bu vəzifəyə gələrkən xalq şəffaflıq və əlçatanlıq gözləyirdi, lakin nəticə etibarilə idarəetmədəki bu qapalı və bürokratik yanaşma problemləri daha da dərinləşdirib. Samir Rzayevin rəhbərliyi altında AZAL hazırda “vətəndaşyönümlü” deyil, “vətəndaşla konfliktyönümlü” bir siyasət yürüdür. Qurumun rəhbərliyi başa düşməlidir ki, hava yolları sadəcə təyyarə uçurmaq deyil, həm də insanların etibarını qazanmaqdır. Bu etibar isə qanunlara hörmət etməklə, güzəştli biletləri vətəndaşa təqdim etməklə və təyyarələri boş saxlamaq əvəzinə sərnişinlə doldurmaqla qazanılır. Əks təqdirdə, bu idarəetmə tərzi vətəndaşın dövlətə olan inamına ciddi zərbə vurmağa davam edəcək.
Nahid Canbaxışlı
Vətəninfo.az İnformasiya Agentliyi Baş redaktoru

