Ankara-İrəvan xəttində yeni mərhələ: Sərhədin açılması üçün əsas şərt açıqlandıbackend

Ankara-İrəvan xəttində yeni mərhələ: Sərhədin açılması üçün əsas şərt açıqlandı  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə Ermənistan arasında normallaşma istiqamətində diplomatik təmasların intensivləşməsi və sərhədlərin açılması ilə bağlı müzakirələrin yenidən aktuallaşması regionda proseslərin gələcək inkişafı ilə bağlı sualları artırıb. Bununla belə, Ankara rəsmi şəkildə bu prosesin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə paralel irəliləyəcəyini dəfələrlə bəyan edib. Mövcud şəraitdə sərhədin açılması ilə bağlı əsas müəyyənedici amilin Bakı ilə İrəvan arasında sülh prosesinin hansı mərhələdə olacağı göstərilir.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, son dövrlərdə Türkiyə ilə Ermənistan arasında təmaslar intensivləşib və xüsusilə sərhədlərin açılması məsələsi əsas gündəm mövzularından birinə çevrilib:

“Bu istiqamətdə müəyyən addımlar da atılır və hər iki tərəf hazırlıq işlərini davam etdirir. Hətta prosesin son mərhələyə çatdığı ilə bağlı da məlumatlar yayılır.

Amma sərhədlərin konkret nə zaman açılacağını söyləmək çətindir. Hər halda, bu daha çox Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin hansı mərhələdə olacağından asılıdır. Türkiyə rəsmi səviyyədə dəfələrlə bəyan edib ki, sərhədlərin açılması məsələsi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlıdır. Yəni bu məsələ Azərbaycanla koordinasiya şəraitində həyata keçiriləcək.

Azərbaycanın da Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı şərtləri məlumdur. Ermənistanda konstitusiya dəyişikliyi həyata keçirilməlidir. Bu baxımdan hesab edirəm ki, qərar mütləq Türkiyə və Azərbaycanın birgə mövqeyi əsasında veriləcək. Bu günə qədər də proses məhz bu prinsiplə irəliləyib və bundan sonra da belə olacağına şübhə yoxdur. Çünki Türkiyə rəsmiləri, o cümlədən prezident səviyyəsində bunu dəfələrlə açıq şəkildə vurğulayıblar”.

Politoloqun sözlərinə görə, sərhədlərin açılması gözlənilən olsa da, bunun dəqiq vaxtını proqnozlaşdırmaq mümkün deyil:

“Hər halda, bir daha qeyd edirəm ki, bu məsələ Azərbaycanın razılığı əsasında baş verməlidir. Azərbaycan razılıq verərsə, proses ən qısa müddətdə reallaşa bilər. Əks halda, əgər Azərbaycan və Türkiyə sülh müqaviləsi imzalanmadan bu addımın atılmasını məqsədəuyğun hesab etməsələr, o zaman sərhədlərin açılması üçün sülh müqaviləsinin imzalanmasını gözləmək lazım gələcək”.

//Gülnarə Abasova, Editor.az