Kreml “desantı”nı Paşinyanın üstünə göndərdi – GƏRGİNLİKbackend

Kreml “desantı”nı Paşinyanın üstünə göndərdi – GƏRGİNLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Konstantin Zatulin Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrini tənqid edib.

O iddia edib ki, səsvermədən əvvəl və sonra baş verən hadisələr seçkilərin legitimliyi ilə bağlı suallar yaradır. Bununla yanaşı, o qeyd edib ki, Moskva ilə İrəvan arasında əlaqələr davam edəcək. Lakin bu, Rusiyanın Ermənistanda keçirilmiş seçkiləri legitim hesab etməsi anlamına gəlmir. “De-yure ilə de-fakto arasında fərq var. Düşünürəm ki, cənab Paşinyan bunu yaxşı anlayır”, – deyə Zatulin əlavə edib.

Beş gün vaxtımız var, Ermənistana görə hərəkətə keçmişik - Zatulin

Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi 7 iyun seçkilərinin nəticələri ilə bağlı yekun rəyi verməlidir. Rusiya hakimiyyətinin təmsilçiləri Konstitusiya Məhkəməsinin rəyindən sonra Moskvanın Ermənistanda keçirilən seçkilərlə bağlı mövqeyini elan edəcəyini bildiriblər.

Bəs Zatulinin bu bəyanatı Rusiyanın seçkilərin nəticələrini tanımayacağının anonsu hesab edilə bilərmi?

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Musavat.com-a bildirib ki, Zatulinin bəyanatı diqqətçəkici olsa da, onu hələlik Rusiyanın Ermənistanda keçirilmiş seçkilərin nəticələrini tanımayacağının rəsmi anonsu kimi qiymətləndirmək düzgün olmazdı:

Xəyal Bəşirov: BBC kimi ermənipərəst bir media qurumunun bu addımları  hazırkı məqamda heç də təsadüfi deyil - AZƏRTAC

“Birincisi, Zatulin Rusiya siyasi elitasında Ermənistan məsələləri üzrə təsirli fiqurlardan biri olsa da, o, Kremlin, yaxud Rusiya Xarici İşlər Nazirliyinin adından danışan rəsmi qərarverici şəxs deyil. Buna görə onun açıqlamaları daha çox siyasi siqnal və ya mövqe nümayişi xarakteri daşıyır. İkincisi, bəyanatın özündə də müəyyən ziddiyyət var. Zatulin bir tərəfdən seçkilərin legitimliyi ilə bağlı suallar qaldırır, digər tərəfdən isə Moskva ilə İrəvan arasında münasibətlərin davam edəcəyini bildirir. Bu, faktiki olaraq Rusiyanın mövcud hakimiyyətlə işləməyə davam edəcəyinə işarədir. Beynəlxalq praktikada seçkilərin tam tanınmaması adətən yeni hakimiyyətlə siyasi münasibətlərin məhdudlaşdırılması, diplomatik təmasların azaldılması və ya rəsmi bəyanatlarla müşayiət olunur. Hazırda Moskvanın belə bir xəttə keçdiyi görünmür. Zatulinin “de-yure ilə de-fakto arasında fərq var” ifadəsi isə daha çox siyasi təzyiq elementi kimi görünür. O demək istəyir ki, Rusiya Paşinyan hakimiyyəti ilə reallıq naminə işləməyə davam edə bilər, lakin onun legitimliyi ilə bağlı sualları gündəmdə saxlayacaq. Bu, Moskvanın son illərdə Paşinyan hökumətinə qarşı istifadə etdiyi siyasi ritorikanın davamı və Paşinyanı təzyiq altında saxlamaq siyasətinə sütünlük veriləcəyi kimi qiymətləndirilə bilər”.

Ekspert hesab edir ki, əgər Rusiya həqiqətən seçkilərin nəticələrini tanımamaq qərarına gəlsəydi, bu, çox güman Rusiya Xarici İşlər Nazirliyi, Vladimir Putin və ya Kremlin rəsmi nümayəndələri səviyyəsində açıqlanardı: “Hazırda isə Moskvanın mövqeyi daha çox “Paşinyanla işləyirik, amma onun siyasətindən və bəzi daxili proseslərdən narazıyıq” formasında görünür. Ona görə də Zatulinin bəyanatını Rusiyanın seçkiləri tanımayacağının anonsundan daha çox, Paşinyan hakimiyyətinə ünvanlanmış siyasi xəbərdarlıq və legitimlik mövzusu ilə Paşinyanı təzyiq altında saxlamaq cəhdi kimi qiymətləndirmək daha doğru olar”.