Azərbaycanın həm sabit investisiya mühitinə görə, həm əlçatan və münbit qiymətlərlə enerji təchizatına görə, və nəhayət, telekommunikasiya bağlantılarına görə, imkanı var ki, data mərkəzlərinin xidmətlərinin ixracatçısı kimi çıxış etsin və qonşu ölkələrə bu xidmətləri təqdim etsin.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ITV və AZƏRTAC-a müsahibəsində bildirib.
“Düşünürəm ki, bu, gələcək illərdə ən sürətlə inkişaf edəcək sahələrdən biri olacaq.
Prezidentin həm 2026-cı ilin yanvarında Davos İqtisadi Forumunda, həm də fevralında Münxen Təhlükəsizlik Konfransında keçirdiyi bəzi görüşlərin məntiqi nəticəsi olaraq, – öncədən hansısa böyük anonslar vermək istəməzdim, – bu ilin əvvəlindən sürətləndirilmiş və artıq yekun mərhələdə olan işlər sayəsində yaxın aylarda dünyanın tanınmış, – məşhur da demək olar, – texnoloji tərəfdaşları ilə yeni, o cümlədən süni intellektin tətbiqini nəzərdə tutan data mərkəzlərinin rəsmi anonsu veriləcək”, – nazir qeyd edib..
M. Cabbarov vurğulayıb ki, Azərbaycan süni intellekt və data mərkəzləri istiqamətində əlaqələndirilmiş fəaliyyət yürütməyi hədəfləyir.
“Bilirsiniz ki, Prezidentin müvafiq Sərəncamı və Azərbaycanın Birinci vitse-prezidentinin rəhbərliyi ilə ölkədə Rəqəmsal İnkişaf Şurası yaradılıb və onun qarşısında duran bir sıra mühüm vəzifələr müəyyən edilib. Süni intellektin tətbiqi üçün zəruri olan data mərkəzlərinin inkişafı hazırda üzərində işlədiyimiz prioritet layihələrdəndir.
Azərbaycan bir tərəfdən də öz daxili ehtiyaclarının ödənilməsini hədəfləyir. Burada söhbət yalnız iqtisadiyyatla məhdudlaşmır. Vətəndaşlarımıza göstərilən bir çox xidmətlər də bu gün data mərkəzlərinə olan tələbatı artırır. Bu sahə çox sürətlə inkişaf etdiyinə görə düşünürük ki, əminliklə demək olar, ildən-ilə, hətta aydan-aya həm imkanlar, həm də ehtiyaclar artacaq”.
O hesab edir ki, rəqəmsallaşma artıq iqtisadiyyatın ayrıca bir sektorundan ümumi iqtisadiyyatın və iqtisadi aktorların fundamental savadlılıq elementinə çevrilir və zəruri bir elementdir.
“Biz istənilən sahədə uğurla fəaliyyət göstərən lider şirkətləri, – istər daxili, istər regional, istərsə də dünya bazarında fəaliyyət göstərən şirkətləri, – nümunə götürə bilərik. Enerji, nəqliyyat, sənaye istehsalı və kənd təsərrüfatı sahələrində biz elə bir lider şirkət tapa bilmərik ki, öz liderlik mövqeyini qorumaq və inkişaf etdirmək üçün rəqəmsallaşma, həmçinin süni intellekt alətlərindən istifadə etməmiş olsun. Yəni bu məsələyə baxışın kökündə məhz o dayanmalıdır ki, iqtisadi aktorlarımızın, sadə dillə desək, müəssisələrimizin və sahibkarlarımızın gündəlik fəaliyyətində bu keçid artıq təmin edilib və uğurla həyata keçirilir.
Dövlət bunu qəbul edərək və müəyyən mənada əvvəlcədən görərək, 2025-ci ilin dekabrında Azərbaycan Respublikasında müvafiq dövlət proqramını – Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramını qəbul edib..
Məsələn, proqramda nəzərdə tutulan tədbirlərdən biri ondan ibarətdir ki, 2026-cı il ərzində seçilmiş 15 müəssisə üçün rəqəmsal transformasiya yol xəritəsi hazırlanır və həyata keçirilir.
Biz bununla bazarda artıq fəaliyyət göstərən uğurlu şirkətlərə rəqəmsal həllərin tətbiqi sayəsində öz gəlirlərini və istehsal həcmini hansı dərəcədə artıra biləcəklərini, çəkdikləri xərcləri necə azaldacaqlarını və bununla da hansı müsbət iqtisadi səmərəni əldə edəcəklərini əyani şəkildə göstərməyi hədəfləyirik”, – nazir qeyd edib.
M. Cabbarovun həmçinin superkompüter infrastrukturunun inkişafı və ondan istifadənin uğurla həyata keçirildiyini qeyd edib: “Bu gün İqtisadiyyat Nazirliyində mövcud olan superkompüterdən istifadədə görürük ki, aidiyyəti dövlət qurumlarından və özəl sektordan gələn sorğu və tələbat artıq mövcud texniki imkanları üstələyir. Bu, çox yaxşı xəbərdir. Bu onu göstərir ki, iqtisadiyyatımızda, elm və təhsil sistemimizdə, dövlət idarəçiliyində, tibb xidmətlərinin göstərilməsində, vergi və gömrük fəaliyyətinin tənzimlənməsində və bir sıra digər sahələrdə süni intellektə əsaslanan həllərin tətbiqi böyük sürətlə artır.
Bu məsələnin son və yəqin ki, ən vacib halqası yenə də insan kapitalı ilə bağlıdır. Çünki rəqəmsal transformasiya süni intellektə əsaslanan tətbiqlərin hazırlanması, mövcud bizneslərdə səmərəliliyin artırılması, yaxud yeni fəaliyyət sahələrinin yaradılması elm-təhsil sistemimizin, universitetlərimizin, həmçinin xarici tərəfdaş universitetlərlə əməkdaşlığın dərinləşməsini şərtləndirir”.
//Report


