Qarabağda erməni qalmadı, ruslar niyə qalıb? – Polkovnik səbəbini açıqladıbackend

Qarabağda erməni qalmadı, ruslar niyə qalıb? – Polkovnik səbəbini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlər Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti ilə bağlı gələn xəbərlər məni çox narahat edir. Guya ruslar haradasa müşahidə postlarını ləğv edirlər, eyni zamanda hansısa yeni postlar yaradıb Azərbaycan hərbçiləri ilə birgə işləri həyata keçirirlər və s.” 

Bu sözləri Yenisabah.az-ın əməkdaşı ilə söhbətində ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O, Qarabağın dağlıq hissəsində müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlılarının aqibəti və onların fəaliyyəti ilə bağlı yaranan suallara aydınlıq gətirib.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingentinin gündəlik hərbi bülletenində qeyd olunub ki, hazırda Qarabağın dağlıq hissəsində 13 müşahidə məntəqəsi fəaliyyət göstərir, onlardan 8-də ruslar azərbaycanlı hərbçilərlə bərabər bölgəyə nəzarət edirlər.

Öz növbəsində, Ü.Cəfərov əlavə edib ki, Rusiya sülhməramlıları birgə işin nədən ibarət olduğunu desəydilər, biz də işimizi bilib konkret nə isə söyləyə bilərdik:

“Amma bildiyim odur ki, ruslar oranı tərk etmiş ermənilərin guya öz aləmində mal-mülkünü, ev-eşiyini qoruyurlar. Əslinə qalsa, bu tendensiya Rusiya prezidenti Vladimir Putinin dedikləri ilə üst-üstə düşmür. Çünki Putin bu günlərdə belə bir fikir səsləndirdi ki, sülhməramlıların missiyası Qarabağda yalnız atəşkəs rejiminə əməl etmək və müşahidə aparmaq idi.

İndi sual olunur, bu gün orada qanunsuz erməni silahlı birləşmələri yoxdur və artıq atəş açılmır. Yaxşı, bəs onda ruslar nəyi müşahidə edib hansı funksiyanı yerinə yetirirlər? O cümlədən silahlarla bağlı dəqiq məlumat yoxdur. Yəni nə qədər silah yığılıb, nə qədəri qalıb, bilinmir”.

Polkovnik düşünür ki, Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı müəyyən fikirlərini artıq açıqlamalıdır:

“Son günlər beynimizə belə bir fikir yeridirlər ki, guya Rusiya sülhməramlıları burada qalsa, yaxşıdır, çünki bizi kimsə nədəsə günahlandırmaz və s. Maraqlıdır ki, necə günahlandırmazlar? Onsuz da 2 gündən bir Avropa İttifaqı Azərbaycanı müzakirə mövzusuna çevirir, hətta dünən Ermənistan Baş naziri Nikol Paşinyanı Avropa Parlamentində çıxışa dəvət etmişdilər. Bundan əvvəl isə Avropa Parlamenti qətnamə qəbul etmişdi, dünən də Paşinyan sanki həmin qətnamənin davamı kimi yenə də Azərbaycanı absurd məsələlərdə günahlandırdı”.

Hərbi ekspert əmindir ki, bu gün Rusiya sülhməramlıları artıq öz missiyasını başa vurub geri qayıtmalıdır:

“Axı Qarabağda post yaradıb silahı güdməyə nə ehtiyac var? Onsuz da Azərbaycan Daxili İşlər Nazirliyinin şəxsi heyəti kifayət qədərdir ki, oradakı silah-sursatı yığıb vəziyyətə nəzarət etsin. Sadəcə, Moskva bölgədəki çəkisini artırmaq üçün hər gün bir məlumat paylaşır.

Sabah düz 1 ay olacaq ki, antiterror tədbirləri başa çatır. Bəs 1 ay ərzində ruslar niyə oradakı postları yığıb-yığışdırmadılar? Sülhməramlılar bölgədə vaxt udmaq və özlərinin gərəkliliyini sübut etməklə bağlı fəaliyyət həyata keçirir. Mən Azərbaycan vətəndaşı olaraq belə bir fəaliyyətin əleyhinəyəm, çünki ruslar 3 il ərzində yarıtmaz fəaliyyət göstərdikləri üçün bölgədən çıxmalıdır”.