Qiymətlər oynayır, səbəblər dəyişir: neftdə diqqət çəkən məqamlarbackend

Qiymətlər oynayır, səbəblər dəyişir: neftdə diqqət çəkən məqamlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal enerji bazarlarında qiymətlərin dəyişkənliyi neft ixracatçısı ölkələrin iqtisadi perspektivlərinə birbaşa təsir göstərən əsas amillərdən biridir. Son dövrlərdə beynəlxalq bazarlarda müşahidə olunan dalğalanmalar fonunda neftin qiymət dinamikası yenidən diqqət mərkəzinə çıxıb. Bununla belə, ekspertlər hesab edirlər ki, hazırkı vəziyyəti qısamüddətli bazar reaksiyaları və geosiyasi amillər kontekstində qiymətləndirmək daha doğru yanaşmadır. Onların fikrincə, mövcud qiymət səviyyəsi Azərbaycanın neft gəlirləri baxımından hələ də əlverişli hesab olunur.

İqtisadçı ekspert Xalid Kərimli Editor.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycan neftinin qiymətində ciddi ucuzlaşmadan danışmaq düzgün deyil:

“Neft bazarında qiymətlər gündəlik olaraq dəyişir və bu, qlobal ticarətin təbii tərkib hissəsidir. Hər gün beynəlxalq bazarlarda milyardlarla dollar həcmində fyuçers və digər neft müqavilələri bağlanır ki, bu da qiymətlərin enib-qalxmasına təsir göstərir.

Hazırda Azərbaycanın ixrac etdiyi neftin qiyməti təxminən 100 dollar ətrafındadır. Bu isə aşağı qiymət deyil, əksinə kifayət qədər yüksək səviyyə hesab olunur. Xatırladaq ki, ilin əvvəlində – yanvar və fevral aylarında neftin qiyməti 55-60 dollar diapazonunda dəyişirdi. Hətta ABŞ-İran qarşıdurması və regionda hərbi gərginlik olmasaydı, qiymətlərin 50-55 dollar səviyyəsinə qədər enməsi ilə bağlı proqnozlar da mövcud idi.

Sonrakı dövrdə geosiyasi risklərin artması, xüsusilə İran ətrafında yaranan gərginlik və Hörmüz boğazı ilə bağlı narahatlıqlar neftin qiymətini 60 dollardan 100-110 dollar aralığınadək yüksəltdi. Hazırda isə bazar iştirakçıları ABŞ-İran münasibətlərinin normallaşması, mümkün razılaşmalar və Hörmüz boğazının fəaliyyətinin tam bərpası ilə bağlı xəbərləri yaxından izləyirlər. Bu kimi amillər neft qiymətlərinin həm yüksəlməsinə, həm də azalmasına təsir göstərir”.

X.Kərimli qeyd edib ki, mövcud yüksək qiymətlər Azərbaycan üçün əlavə maliyyə üstünlükləri yaradır:

“Neft satışından əldə olunan valyuta gəlirləri artır və bu vəsaitlər əsasən Dövlət Neft Fonduna yönəldilir. Neft Fondunun ehtiyatlarının böyüməsi ölkənin maliyyə dayanıqlığını gücləndirən mühüm amillərdən biridir. Sonrakı mərhələdə həmin vəsaitlərin bir hissəsi dövlət büdcəsi vasitəsilə iqtisadi və sosial layihələrin maliyyələşdirilməsinə yönəldilir”.

İqtisadçı uzunmüddətli və kəskin qiymət enişi ehtimalına da münasibət bildirib. Onun sözlərinə görə, belə bir ssenari yalnız geosiyasi gərginliyin tam aradan qalxması və regionda sabitliyin bərpa olunması halında daha real görünə bilər:

“Əgər ABŞ və İran arasında razılaşma əldə olunarsa, müharibə riski tam aradan qalxarsa və Hörmüz boğazının fəaliyyəti tam normallaşarsa, bu halda neft qiymətlərində daha ciddi eniş müşahidə oluna bilər. Lakin belə bir prosesin qısa müddətdə baş verəcəyi gözlənilmir. Müharibə və geosiyasi risklər enerji sektoruna ciddi təsir göstərib. Buna görə də mümkün qiymət dəyişikliklərinin nəticələrini daha çox növbəti aylarda qiymətləndirmək mümkün olacaq”.

//Gülnarə Abasova, Editor.az