“Space” Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad olunmasının detalları bəlli olub.
Gununsesi.info-nun xəbərinə görə, Vado Korovinin “vurulmasının” əsas səbəbi korrupsiya imiş.
Belə ki, Korovin telekanal üçün ayrılan vəsaitlərin böyük əksəriyyətini müxtəlif vasitələrlə mənimsəyib.
Bildirilir ki, bu prosesdə Vado Korovinin kürəkəni Nəriman Əbdüləliyev və qızı Zemfira Korovina iştirak edib.

“Space-də ən böyük mənimsəmə faktı isə COP29-la bağlı layihələr çərçivəsində olub” deyən mənbəmiz əlavə edib ki, bundan başqa, kanalın təsisçisi Sevil Əliyevanın hələ 2 il əvvəl texniki avadanlıqlarının yenilənməsi üçün ayırdığı vəsait də təyinatı üzrə xərclənməyib.
Çəkilişlərə getmək üçün ayrılan avtomobillərin də yararsız vəziyyətdə olduğu, əməkdaşların əksər hallarda taksi ilə getdiyi bildirilir.
“Space” əməkdaşları iddia edir ki, iş otaqlarındakı işıq lampalarını, mikrofonlar üçün bateriyaları belə öz pulları hesabına dəyişiblər.
Bundan başqa, proqramlar üçün nəzərdə tutulan kosmetika və geyimlər də teleaparıcıların öz hesabına alınıb.
“Halbuki bunlar üçün hər ay büdcədən külli miqdarda vəsait mənimsənilib”, – deyə məlumatda bildirilir.
Bu arada isə Nəriman Əbdüləliyev “Space”də çalışan əməkdaşlara kanalda olan auditorlara onları satmaması barədə xəbərdarlıq etdiyi bildirilir.
İddialarla bağlı Gununsesi.info-nun əməkdaşı Vado Korovinə sorğu yollasa da, cavab ala bilməyib.
Keçmiş baş direktor nə telefon zənglərinə, nə də mesajlara cavab verib.

