Masazır qəsəbəsinin sakini müraciət edərək yaşadığı ərazidə aparılan tikinti işindən narazılığını bildirib. Sakin iddia edir ki, tikinti zamanı qonşu tikililərlə tələb olunan məsafə qorunmayıb və bu barədə ərazi sakinlərinə əvvəlcədən məlumat verilməyib.
Milli.Az xəbər verir ki, şikayətçi Əzizağa İbrahimovun sözlərinə görə, qonşu evi satdıqdan sonra ərazidə tikintinin başladığını öyrəniblər. O bildirib ki, məsələ ilə bağlı aidiyyəti quruma müraciət etsələr də, onlara yalnız araşdırma aparılacağı deyilib.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti açıqlama verərək tikinti zamanı heç bir qayda pozuntusunun qeydə alınmadığını bildirib. Qurumdan qeyd olunub ki, işlər qanunvericiliyin tələblərinə uyğun və ara məsafəsi nəzərə alınmaqla həyata keçirilir.
Açıqlamada həmçinin bildirilib ki, sözügedən torpaq sahəsi məlumatlandırma proseduru çərçivəsində Tikintilərin Dövlət Reyestrində rəsmi qeydiyyata alınıb.


