İran və ABŞ-ın bir-birinə raket atdığı bir dövrdən qəfildən barışıq və diplomatiya mərhələsinə keçməsi hazırda hamını təəccübləndirir. Bu cür kəskin və təzadlı keçidlər hər iki ölkənin xarici siyasətindəki maraqlı ziqzaqlardan xəbər verir. Görünən odur ki, regionda şərtlər dəyişdikcə həm Vaşinqton, həm də Tehran öz gedişlərini anlıq maraqlarına uyğunlaşdırır.
Maraqlıdır, yaxın keçmişdəki kəskin hərbi gərginlikdən sonra ABŞ və İran arasında reallaşan bu qəfil yaxınlaşmanın arxasında nələr dayanır?
Politoloq Züriyə Qarayeva Editor.az-a açıqlamasında bildirib ki, ABŞ və İran arasında son dövrdə müşahidə olunan ritorika dəyişikliyi ilk baxışdan gözlənilməz görünsə də, beynəlxalq münasibətlərdə bu cür keçidlər nadir hal deyil:
“Xüsusilə Yaxın Şərq kimi yüksək riskli regionlarda tərəflər hərbi təzyiq və diplomatiyanı paralel alət kimi istifadə edirlər. Hər iki ölkə anlayır ki, açıq və uzunmüddətli hərbi qarşıdurma həm regional sabitliyə, həm də qlobal enerji bazarlarına ciddi zərbə vura bilər. Buna görə də müəyyən mərhələlərdə gərginliyin idarə olunan səviyyəyə endirilməsi və danışıqlar üçün siyasi məkanın yaradılması zərurəti ortaya çıxır.
Məncə, hazırkı vəziyyəti tam mənada barışıq kimi qiymətləndirmək hələ tezdir. Daha çox taktiki xarakter daşıyan və tərəflərin öz strateji maraqlarını qorumağa yönəlmiş müvəqqəti yaxınlaşmadan söhbət gedir. ABŞ regionda nəzarətdən çıxan münaqişənin qarşısını almağa, İran isə iqtisadi və siyasi təzyiqləri azaltmağa çalışır. Lakin nüvə proqramı, sanksiyalar, İsrail amili və regiondakı təsir uğrunda rəqabət kimi fundamental problemlər hələ də qalmaqdadır. Bu səbəbdən yaxın dövrdə münasibətlərdə yumşalma müşahidə olunsa da, tərəflər arasında dərin etimadın formalaşdığını və ya uzunmüddətli barışığın əldə edildiyini söyləmək çətindir”.
//Gülnarə Abasova, Editor.az


