ABŞ və Avropanın Rusiya və Çinin eyni vaxtda hərbi əməliyyata başlaması ssenarisinə qarşı aydın strategiyası yoxdur.
Editor.az xəbər verir ki, bu barədə The Atlantic hərbi ekspertlər və strateqlərə istinadən yazıb.
Nəşrin yazdığına görə, mümkün ssenaridə Rusiya Şərqi Avropada NATO üzvü olan ölkəyə qarşı hərbi əməliyyata başlaya, Çin isə eyni vaxtda Tayvana müdaxilə edə bilər.
Bu halda ABŞ hərbi qüvvələri iki əsas cəbhəyə — Avropa və Hind-Sakit okean regionuna — paralel şəkildə reaksiya verməli olacaq.
NATO Müdafiə Kollecinin tədqiqat bölməsinin direktoru Florens Qaub bildirib ki, alyans belə bir ssenarinin mümkünlüyünü anlayır, lakin bu istiqamətdə planlaşdırma boşluğunu aradan qaldırmaq üçün kifayət qədər addım atılmayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kontr-admiralı Mark Montqomerinin sözlərinə görə, təxminən 15 il əvvəl keçirilmiş hərbi simulyasiyalarda ABŞ-ın iki cəbhədə uzunmüddətli müharibəni davam etdirmək üçün kifayət qədər silah ehtiyatına və istehsal gücünə malik olmadığı ortaya çıxıb.
Onun fikrincə, həmin göstəricilər son illərdə yaxşılaşmayıb.
The Atlantic qeyd edir ki, Rusiya və Çin son illərdə hərbi əməkdaşlığı gücləndirib və mütəmadi olaraq birgə təlimlər keçirirlər. Eyni zamanda, Rusiyanın hərbi istehsal imkanlarını artırması və Çinin hərbi-dəniz qüvvələri ilə uzaqmənzilli raket arsenalını genişləndirməsi Qərb üçün əlavə narahatlıq yaradır.
Nəşrin yazdığına görə, ABŞ-ın hazırda Yaxın Şərqdəki hərbi öhdəlikləri də mümkün iki cəbhəli münaqişə zamanı Vaşinqtonun imkanlarını məhdudlaşdıra bilər.
Ekspertlərin keçirdiyi hərbi simulyasiyalarda isə ABŞ-ın belə bir vəziyyətdə əsas diqqəti Çinin Tayvana qarşı mümkün hücumuna yönəldərək Avropadakı qüvvələrinin bir hissəsini Asiyaya köçürə biləcəyi ehtimalı ön plana çıxıb. Bu isə NATO-nun Avropadakı müttəfiqlərinin Rusiyanın qarşısında daha böyük məsuliyyət daşımasına səbəb ola bilər.
Bununla belə, The Atlantic vurğulayır ki, Rusiya və Çinin eyni vaxtda NATO ölkəsinə və Tayvana hücum etməsi hazırda hipotetik ssenaridir. Nəşr əsas problemin Qərbin belə bir böhran vəziyyətinə qarşı vahid və ətraflı hazırlıq planının olmaması olduğunu qeyd edir.
//Samir Qurbanov, Editor.az

