Tramp İrana qarşı yeni hərbi əməliyyat planları əldə edibbackend

Tramp İrana qarşı yeni hərbi əməliyyat planları əldə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampa İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ilə bağlı bir neçə mümkün ssenari təqdim edilib.

Editor.az bu barədə “The Atlantic” nəşrinə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ-ın müdafiə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn və ABŞ Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper Ağ Evdə keçirilən müzakirələrdə iştirak ediblər. Görüşdə Tramp və vitse-prezident Cey Di Vensə gələcək fəaliyyətlə bağlı müxtəlif variantlar təqdim olunub.

Təkliflər arasında İrana qarşı yeni hava zərbələrinin endirilməsi, Hörmüz boğazında ABŞ-ın dəniz blokadasının davam etdirilməsi və hərbi əməliyyatların bərpa olunması ehtimalının saxlanılması, eləcə də hərbi müdaxilədən tamamilə imtina edilməsi yer alıb.

Yeni zərbələrin tərəfdarları hesab edirlər ki, iqtisadi təzyiq artıq müəyyən nəticələr verir və əlavə hərbi hücumlar Tehranın danışıqlar masasına qayıtmasına səbəb ola bilər.

Nəşrin yazdığına görə, nəzərdən keçirilən hərbi ssenarilər bir neçə saatdan bir neçə həftəyədək davam edə biləcək əməliyyatları əhatə edir. Variantlardan biri isə yalnız İranın nüvə proqramına qarşı yönəlmiş, bir neçə gün davam edəcək hərbi kampaniyanı nəzərdə tutur.

Məlumata əsasən, Tramp son həftələrdə İranla bağlı yeni hücumların mümkünlüyünü müzakirə edir. Bu addımların əsas məqsədinin Tehranı yenidən danışıqlara məcbur etmək olduğu bildirilir. ABŞ prezidentinin müşavirləri əməliyyatın noyabrın 2-də keçirilən Konqresə aralıq seçkilərdən sonra başlaya biləcəyini də istisna etməyiblər.

Bununla yanaşı, Ağ Ev rəhbəri yeni hərbi planların effektivliyinə şübhə ilə yanaşır. Trampın münaqişənin qısa müddətdə başa çatacağını vəd edən müşavirlərinin fəaliyyətindən də narazı olduğu qeyd edilir.

“The Atlantic”in məlumatına görə, ABŞ prezidenti Pit Heqset və Den Keynin fəaliyyəti ilə bağlı müttəfiqlərinin fikirlərini öyrənib.

Nəşr yazır ki, İranla münaqişənin uzanması Trampda narahatlıq yaradıb. Buna səbəb müharibənin Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilərdə mövqelərinə mümkün mənfi təsiridir. Trampın İranla müharibənin partiyasının siyasi vəziyyətini müəyyən qədər çətinləşdirdiyini düşündüyü və münaqişənin əvvəlində səsləndirilən sürətli qələbə proqnozlarına görə məsul şəxsləri axtardığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın müttəfiqlərini Konqresə seçkilərdən sonra İranla müharibənin yenidən başlana biləcəyi barədə xəbərdar etdiyi bildirilmişdi.

// Gülnarə Abasova, Editor.az