Axşam saatlarında qəhvə içdikdən sonra rahatlıqla yuxuya gedən insanlar kofeinin onlara təsir etmədiyini düşünə bilərlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu halda belə kofein yuxunun strukturunu və keyfiyyətini poza bilər.
Editor.az xəbər verir ki, həkim-somnoloq Maksim Novikovun açıqlamasına görə, kofein insanın yuxuya getməsinə mane olmasa da, yuxunun daha səthi və az bərpaedici olmasına səbəb ola bilər. Nəticədə insan səhər oyandıqda özünü tam dincəlmiş hiss etməyə bilər.
Həkim bildirib ki, qəhvənin tərkibindəki kofeinin miqdarı içkinin növündən, hazırlanma üsulundan və porsiyanın həcmindən asılı olaraq dəyişir. Buna görə də hər fincan qəhvənin orqanizmə təsirini eyni qiymətləndirmək düzgün deyil.
Mütəxəssisin sözlərinə görə, gecələr keyfiyyətsiz yatan və gündüz yuxululuğu aradan qaldırmaq üçün davamlı olaraq qəhvə içən insanlar yuxu rejimlərinə diqqət yetirməlidirlər. Qəhvədən səhər yeməyini, normal qidalanmanı və istirahəti əvəz edən vasitə kimi istifadə etmək də düzgün deyil. İçki müvəqqəti olaraq ayıqlığı artıra bilər, lakin orqanizmin enerji, zülal, su və yuxu ehtiyaclarını qarşılamır.
Novikov qeyd edib ki, sağlam insanlar üçün qəhvəni tamamilə zərərli içki hesab etmək doğru deyil. Bununla belə, qəhvə qəbulundan sonra ürəkdöyünmə, narahatlıq, əllərdə titrəmə, mədədə xoşagəlməz hisslər yaranırsa və ya yuxunun keyfiyyəti nəzərəçarpacaq dərəcədə pisləşirsə, bu vərdişə yenidən baxmaq lazımdır.
Həkim əlavə edib ki, qəhvə gün ərzində yuxululuğu aradan qaldırmağa kömək etmirsə, problemin səbəbi başqa amillərlə, xüsusilə yuxu çatışmazlığı ilə əlaqəli ola bilər. Belə hallarda əlavə kofein qəbul etmək əvəzinə yuxu rejimini və istirahət müddətini qiymətləndirmək daha məqsədəuyğundur.
//Gülnarə Abasova, Editor.az

