İlham Əliyevin Türkmənistan səfəri: “Azərbaycanın regional nüfuzu daha da artır”- Hikmət Babaoğlundan ŞƏRHbackend

İlham Əliyevin Türkmənistan səfəri: “Azərbaycanın regional nüfuzu daha da artır”- Hikmət Babaoğlundan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafı və regional əməkdaşlıq platformalarında iştirakının genişlənməsi ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Xüsusilə Xəzər hövzəsində nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı, enerji marşrutlarının şaxələndirilməsi və Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın regional proseslərdə rolunu daha da artırır. Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri də bu strateji xəttin davamı kimi qiymətləndirilə bilər. Səfərin nəticələri Bakı ilə Aşqabad arasında tərəfdaşlığın dərinləşməsi ilə yanaşı, Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi və Xəzər regionunda qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi baxımından da əhəmiyyətlidir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan cəmi bir il əvvəl Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşünə üzv qəbul edilib və artıq gələn il bu platformaya rəhbərlik edəcək:

“Bu, özlüyündə Azərbaycanın C6 formatında nə qədər böyük nüfuza malik olduğunun göstəricisidir. Nəticə etibarilə, Mərkəzi Asiya üçün Azərbaycan Qərbə açılan qapıdır. Çünki Mərkəzi Asiya ölkələrinin böyük iqtisadi potensialı, zəngin yeraltı sərvətləri, sənaye imkanları və insan kapitalı var. Bu potensialın reallaşdırılması üçün həmin ölkələr Avropa istiqamətində ixrac, əməkdaşlıq və digər iqtisadi əlaqələrin inkişafı üzrə prioritetlərini müəyyənləşdiriblər.

Bu əməkdaşlığın böyük bir hissəsi artıq konkret layihələr əsasında hüquqi müstəvidə təsbit olunub. Ancaq şübhəsiz ki, Mərkəzi Asiya nə qədər mühüm coğrafiya olsa da, öz-özünə yetərli deyil. Çünki regionun Avropaya çıxış yollarından biri məhz Azərbaycandan keçir.

Azərbaycan isə bu nəqliyyat istiqamətini hələ C6 formatına üzv qəbul edilməmişdən əvvəl müəyyənləşdirmiş və müvafiq infrastrukturu formalaşdırmışdı. Ölkəmiz həm neft və qaz kəmərləri, həm də dəmir yolu vasitəsilə mühüm kommunikasiya əlaqələri qurmuşdu.

İndi isə yeni imkanlar yaranıb. 2023-cü ildən sonra, əlbəttə, suverenliyimizi bərpa etdikdən sonra Transxəzər və TRACECA marşrutları C6 ölkələri üçün mühüm nəqliyyat bağlantıları kimi daha böyük əhəmiyyət qazanıb. Bu bağlantıların təmin edilməsində Azərbaycan mühüm rol oynayır.

Ona görə də Azərbaycanın tarixi, mədəni və etnik yaxınlığı, eləcə də müasir geoiqtisadi tələblər baxımından C6 ölkələri arasında nüfuzu bundan sonra da artacaq və daha da möhkəmlənəcək”.

//Gülnarə Abasova, Editor.az